...

Azərbaycan qazı Macarıstanın enerji strategiyasında mühüm yer tutur - Ekspert (MÜSAHİBƏ)

İqtisadiyyat Materials 23 May 2025 14:30 (UTC +04:00)
Azərbaycan qazı Macarıstanın enerji strategiyasında mühüm yer tutur - Ekspert (MÜSAHİBƏ)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın enerji balansında Azərbaycan qazının rolunun artması, ölkənin enerji mənbələrinin şaxələndirilməsi üzrə strateji kursuna tam uyğundur.

Bunu Trend-ə müsahibəsində Macarıstanın Beynəlxalq Əlaqələr və Ticarət İnstitutunun tədqiqatçısı Zoltan Egereşi danışıb.

“Hazırda Azərbaycan qazı Macarıstanın enerji balansında hələ ki kiçik paya malik olsa da, onun rolunun artacağı gözlənilir. Bu, Macarıstanın bir tədarükçüdən asılılığı azaltmaq və Azərbaycan kimi etibarlı tərəfdaşlarla əməkdaşlığı genişləndirmək məqsədini daşıyan daha geniş enerji şaxələndirmə strategiyasına uyğundur”, - deyə ekspert qeyd edib.

İllik təxminən 9 milyard kubmetr qaz istehlakı ilə Macarıstan regionun ən böyük təbii qaz bazarına malik ölkələrindəndir.

“Şərqi Avropada son geosiyasi dəyişikliklər – xüsusilə Ukraynadakı müharibənin səbəb olduğu enerji böhranı – Azərbaycanın Avropa, xüsusilə də coğrafi baxımdan yaxın ölkələr üçün strateji əhəmiyyətini xeyli artırıb. Bolqarıstan və Serbiya kimi Cənub-Şərqi Avropa ölkələri ənənəvi tədarükçülərdən asılılığı azaltmaq və enerji təhlükəsizliyini artırmaq məqsədilə artıq Azərbaycan qazının idxalına başlayıblar. Macarıstan da bu regional tendensiyaya qoşularaq Azərbaycanla qaz tədarükü üzrə saziş imzalayıb ki, bu da ikitərəfli enerji əməkdaşlığında mühüm mərhələ sayılır”, – Egereşi bildirib.

Ekspert vurğulayıb ki, son illərdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlər “qızıl dövrə” qədəm qoyub .Onun sözlərinə görə buna, iki ölkə arasında artıq mövcud olan dost münasibətləri daha da gücləndirən ümumi geosiyasi, enerji və iqtisadi maraqlarlar təkan verib.

“Azərbaycan Macarıstanın 2010-cu illərin əvvəlində Avropa İttifaqına üzv olmayan ölkələrlə iqtisadi və siyasi əlaqələri genişləndirmək məqsədilə başladığı ‘Şərqə açılış’ siyasətinin uğurlu nümunələrindən birinə çevrilib. Bu strategiya Azərbaycanın çoxvektorlu xarici siyasəti ilə tam üst-üstə düşür. Macarıstanın 2018-ci ildə Azərbaycanın dəstəyi ilə Türk Dövlətləri Təşkilatına müşahidəçi kimi qoşulması ikitərəfli əlaqələri daha da gücləndirərək davamlı dialoq və əməkdaşlıq üçün sabit institusional platforma təmin edib”, – Egereşi bildirib.

Ekspert əlavə edib ki, Macarıstan Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan ilə Ermənistan arasında sülh səylərini dəstəkləyir.

“Macarıstan anlayır ki, regional sabitlik əlaqələrin genişləndirilməsi üçün zəruri şərtdir, xüsusilə də potensial olaraq Zəngəzur dəhlizinin açılması fonunda. Bu dəhliz Orta Dəhlizin gücləndirilməsində mühüm rol oynaya bilər”, – Egereşi bildirib.

Ekspertin sözlərinə görə, regional sabitlik birbaşa enerji təhlükəsizliyi ilə bağlıdır və bu məsələ 2022-ci ildən etibarən Macarıstan üçün strateji prioritetə çevrilib.

“Bu kontekstdə ikitərəfli enerji əməkdaşlığı güclənib: MOL və MVM kimi macar şirkətləri Azərbaycanın enerji sektoruna sərmayə yatırmağa başlayıblar və Azərbaycan Macarıstana təbii qaz ixracına start verib. Bundan əlavə, Azərbaycanın elektrik enerjisini Gürcüstan, Qara dəniz, Rumıniya və Macarıstan vasitəsilə Mərkəzi Avropaya nəql etməyi hədəfləyən ‘Yaşıl enerji dəhlizi’ təşəbbüsü inkişaf edir və bu, bərpa olunan enerji və dayanıqlı inkişaf sahəsində gələcək vəd edən ikitərəfli əməkdaşlıq istiqaməti sayılır”, - deyə Egereşi vurğulayıb.

Nəqliyyat sahəsində əməkdaşlığa toxunan ekspert qeyd edib ki, Azərbaycan Rusiyanı və İranı keçmədən Orta Dəhlizin inkişafında həlledici rol oynayır.

Coğrafi mövqeyinə görə Azərbaycan Şərqlə Qərb arasında yeni əlaqə infrastrukturunun təməl daşına çevrilir. Mərkəzi Asiyadan keçən bütün əsas nəqliyyat və ticarət marşrutları Azərbaycanın ərazisindən keçir ki, bu da onun geostrateji və iqtisadi əhəmiyyətini artırır. Avrasiya ticarət şəbəkələrində iştirakını "Şərqə açılım" siyasəti çərçivəsində fəal şəkildə genişləndirməyə çalışan Macarıstan üçün Orta dəhlizin və əlaqədar Trans-Xəzər layihələrinin inkişafı mühüm perspektivlər açır”, -deyə o bildirib.

Onun sözlərinə görə, bu marşrutlar Asiya ilə Mərkəzi Avropa arasında nəqliyyat müddətini qısaltmaqla yanaşı, dəyişkən geosiyasi şəraitdə təchizat zəncirlərinin dayanıqlılığına da töhfə verir.

“Ümumilikdə, Orta dəhliz və Trans-Xəzər əlaqəliliyi çərçivəsindəki təşəbbüslər Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının enerji əməkdaşlığından ticarət, infrastruktur və logistikanı əhatə edən daha geniş və çoxşaxəli alyansa keçidi üçün konkret platformanı təmin edir”, – deyə Egereşi vurğulayıb.

Onun sözlərinə görə, Macarıstan TDT-nin məqsədlərinə sadiqliyini ardıcıl şəkildə nümayiş etdirir və təşkilata üzv dövlətlərlə əməkdaşlığın möhkəmləndirilməsinə fəal şəkildə çalışır. Bu istəyin parlaq təzahürü 2019-cu ildə Budapeştdə TDT Nümayəndəliyinin – türk dünyasından kənarda təşkilatın ilk ofisinin – açılması ilə özünü büruzə verdi. Bu, Macarıstanın türk dövlətləri ilə Avropa İttifaqı arasında körpü rolunu oynamaq niyyətinin strateji səviyyə daşıdığını göstərir.

“Macarıstan öz siyasi bəyanatlarını konkret addımlarla – o cümlədən Türk İnvestisiya Fonduna qoşulmaqla möhkəmləndirir. Budapeştdə 2025-ci ildə keçirilən TDT-nin qeyri-rəsmi zirvə toplantısı ilə onun fəallığı yeni səviyyəyə yüksəlib. Bu əlamətdar hadisə yalnız Macarıstanın xarici siyasətində çoxvektorlu və proaktiv yanaşmanın güclənməsini deyil, həm də onun türk institusional strukturlarında etibarlı tərəfdaş kimi statusunu möhkəmləndirir”, – deyə o bildirib.

Egereşi bildirib ki, sammitin yekunu olaraq qəbul ediləcək Budapeşt Bəyannaməsi gözlənildiyinə görə TDT-ə üzv və müşahidəçi dövlətlər arasında əməkdaşlığı daha da gücləndirəcək, birgə təşəbbüslərə əlavə təkan verəcək və “Türk Dünyası – 2040” konsepsiyasının praktikada həyata keçirilməsinə vəsilə olacaq.

“Bu, eyni zamanda Macarıstanın uzunmüddətli strateji məqsədini – daha geniş siyasi, iqtisadi və mədəni şəbəkələrə inteqrasiya vasitəsilə türk tərəfdaşları ilə əlaqələri dərinləşdirmək niyyətini əks etdirir. Macarıstan fəal iştirakı ilə türk dövlətləri üçün 'Avropa qapısı'na çevrilməyə və daha qarşılıqlı əlaqəli, dayanıqlı Avrasiya məkanının formalaşmasına töhfə verməyə çalışır”, – deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, TDT çərçivəsində və ikitərəfli səviyyədə türk əməkdaşlığının gücləndirilməsi Mərkəzi Asiyada sərhəd mübahisələrinin nizamlanmasında və Cənubi Qafqazda sabitliyin artırılmasında mühüm rol oynayıb. Artan qarşılıqlı əlaqə, enerji sahəsində dərinləşən tərəfdaşlıq və əsas geosiyasi və iqtisadi məsələlər üzrə ortaq maraqların dəqiq ifadəsi TDT-ə üzv dövlətlərinin beynəlxalq nüfuz və təsirinin artmasına şərait yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti