Bakı.Trend:
Dövlət Sərhədini qanunsuz keçən Naxçıvan sakini cərimələnib.
Trend-in əldə etdiyi məlumata görə, hadisə 18 yanvar tarixində baş verib.
Belə ki, Babək rayon sakini 18 yanvar 2025-ci ildə,saat 23 radələrində Araz çayından üzərək İran İslam Respublikasından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçib.
O bildirib ki, xəstəliyi ilə bağlı İran İslam Respublikasında müalicə almaq məqsədilə 2024-cü ilin sentyabr ayının 25-də Bakı şəhərindən Naxçıvana gəlib. Naxçıvandan quru yolu vasitəsilə Türkiyə Respublikasının İğdır şəhərinə, oradan isə Doğu Beyazıt gömrük sərhədindən keçərək İran İslam Respublikasının Təbriz şəhərinə gedib. Bakıda olarkən tanışı olduğu alış-verişlə məşğul olan İran vətəndaşı şəxsə İrana gələcəyini bildirib, həmin tarixdə İrana gələrkən onu qarşılayaraq öz evlərinə aparıb. Bir müddət onların evində qalıb, onun evində qaldığı müddətdə onun sənədlərini götürüb, ondan sənədlərini geri istəyəndə ona tanışının həmin şəxsə 75000 min manat borcu olduğunu, borclunu tanıdığı üçün yalnız borcunu qaytardıqda sənədlərini geri verəcəyini bildirib, nə qədər cəhd etsə də, sənədlərini geri ala bilməyib.
Təqsirləndirilən şəxs 4 ay İranda qalıb. Daha sonra İranda tanış olduğu taksi sürücüsünə zəng edib, problemi barədə danışanda 500000 tümən qarşılığında ona kömək edə biləcəyini bildirib. Sürücü ona Araz çayının yaxınlığında bir yerə gətirərək üzüb keçərək Azərbaycana gedə biləcəyini deyin və tikanlı məftilləri ağacla qaldırmaq üçün ona 2 ədəd ağac verərək çayı düz istiqamətdə üzərək keçməyini bildirib, başqa çıxış yolu qalmadığından onun bu fikri ilə razılaşıb.
Təqsirləndirilən şəxs 18 yanvar 2025-ci il tarixdə Araz çayını üzüb keçərək Şahtaxtı kəndinə gəlib. Şahtaxtı kəndində hərbi xidmət etdiyi üçün kənd ona tanış gəlib. O, atası ilə əlaqə saxlamaq üçün bir nəfərdən telefon istəyib, telefon vasitəsilə atası ilə əlaqə saxlayıb, yanında heç nə olmadığını bildirərək ona öz kəndi olan Aşağı Buzqov kəndinə gəlmək üçün kömək etməyi xahiş edib.Atası da öz həmkəndlisinə zəng edərək gəlib Şahtaxtı kəndindən götürməsini tapşırıb, Naxçıvanda yaşayan həmkəndlisi gəlib onu götürüb.Həmin günün səhəri şəxsiyyət vəsiqəsi olmadığından SİMA imza vasitəsilə bilet alaraq Bakıya gəlib, 2025-ci il tarixdə Bakı şəhərinə, yaşadığı ünvana çatıb. Çatan kimi vəziyyəti atasına danışıb, daha sonra isə Dövlət Sərhəd Xidmətinə gedib təslim olub.
Təqsirləndirilən şəxs Kəngərli rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1600 manat miqdarında cərimə cəzasına məhkum edilib.