akı. Trend:
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən başlanğıcını Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 137-ci km-dən götürən Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolunun yenidən qurulmasına işlərinə başlanılıb.
Trend xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, 7 minə yaxın əhalinin istifadə etdiyi
Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolunun
uzunluğu 36.3 km təşkil edir. 12 yaşayış məntəqəsini əhatə edən
avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və
təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən
əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan
yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir, yolların eni
10 metrə qədər genişləndirilir.
Hazırda layihə üzrə yol boyu torpaq işləri, hamarlanma,
genişləndirmə işləri görülür. Texnoloji ardıcıllığa uyğun daha
sonra yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün
döşənməsi işləri yerinə yetiriləcək. Layihə çərçivəsində suların
ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi
də icra olunacaq.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol
nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və
yolgöstərici xətlərinin çəkilməsi işləri aparılmaqla sözügedən
yollar müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə aparlır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolunun yenidən qurulması ilə rahat gediş-gəliş təmin olunacaq, yük və sərnişin daşıması asanlaşacaq. Bundan başqa əsaslı şəkildə yenidən qurulmuş yollarla əhalinin yetişdirdiyi məhsulların tez və xarab olmadan bazarlara çıxışı təmin olunmaqla kənd təsərrüfatının inkişafına, əlavə turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq. Bu isə marşrut boyu yaşayan əhalinin sosial-rifah halına müsbət təsir etmiş olacaq.