Əlcəzair. Trend:
İslam İnkişaf Bankının (IsDB) adi kapital resurslarından 2024-cü ilin sonuna qədər Azərbaycana ayrılmış ümumi təsdiqlənmiş maliyyələşmə həcmi 1,0437 milyard ABŞ dolları təşkil edib.
Trend xəbər verir ki, bu barədə maliyyə təşkilatının 2024-cü il üzrə illik hesabatında deyilir.
Bu vəsaitlər bir sıra prioritet sahələrdə layihələrin icrasına yönəldilib. Belə ki, kənd təsərrüfatının dəstəklənməsi üçün 209 milyon dollar ayrılıb, enerji sektoru isə 494,7 milyon dollar əldə edib və ən çox vəsait ayrılan sahə olub. Su təchizatı, sanitariya infrastrukturu və şəhər xidmətlərinin inkişafına 264,9 milyon dollar, nəqliyyat sektoruna 45,1 milyon dollar, səhiyyəyə isə 19,2 milyon dollar ayrılıb.
Bundan başqa, 108 milyon dollar digər sahələr arasında bölüşdürülüb. Buraya maliyyə sektoru, dövlət idarəçiliyi, daşınmaz əmlak bazarı və ticarət daxildir.
2024-cü ildə isə Azərbaycana İslam İnkişaf Bankının adi kapital resurslarından ayrılmış yeni təsdiqlənmiş vəsaitlərin həcmi 96,5 milyon dollar təşkil edib. Bu vəsaitlərin hamısı kənd təsərrüfatı sektorunun dəstəklənməsinə yönəldilib.