Bakı. Trend:
Sülh müqaviləsinin imzalanmasına əngəl Ermənistan Konstitusiyasında bizə qarşı olan ərazi iddiası və ATƏT-in keçmiş həmsədrlik institutudur, hansı ki de-fakto fəaliyyət göstərmir, amma de-yure kağız üzrəində də olsa mövcudluğunu davam etdirir.
Trend xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tural Gəncəliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkilinin sözlərinə görə, 2020-ci ildən sonra Ermənistan rəsmiləri, dəfələrlə bəyan ediblər ki, ölkə Konstitusiyasında qonşu ölkələrə qarşı ərazi iddiası yoxdur:
“Bu isə beynəlxalq hüquqa birbaşa ziddir. Məsələn, Vyana konvensiyasının 27-ci maddəsinə görə, ölkələr öz daxili qanunvericiliklərini bəhanə gətirərək beynəlxalq öhdəliklərini icra etməkdən yayınmamalıdırlar. 1949-cu ildə imzalanan “Dövlətlərin Hüquq və Vəzifələri Haqqında Bəyannamə”nin 13-cü maddəsində qeyd olunur ki, dövlətlər öz öhdəliklərini vicdanla yerinə yetirməli və öz daxili qanunvericiliklərini bəhanə gətirərək beynəlxalq öhdəliklərindən yayınmamalıdırlar. Buna görə də beynəlxalq təcrübə Ermənistanı məcbur edir, biz də səslənirik ki, öz daxili qanunvericiliyini, konstitusiya məhkəməsi qərarlarını bəhanə gətirərək konstitusiyasındakı iddiaları yığışdırmaqdan boyun qaçırmamalı, Azərbaycanla tez bir zamanda yekun sülhün əldə olunmasına töhfə verməlidir”.