Bakı. Trend:
“Agro Dairy” şirkəti ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması və müvafiq dövlət proqramlarının icrası zərurətindən irəli gələrək 2014-cü ilin sonunda təsis edilmiş, 2015-ci ildən etibarən fəaliyyətə başlamışdır. Hazırda 14 ixtisaslaşmış müəssisəni özündə birləşdirən şirkət bu əlamətdar günü əməkdaşlarının iştirakı ilə təşkil olunan xüsusi tədbirlə qeyd edib.
Yubiley tədbirinə açılış nitqi ilə başlayan şirkətin Baş icraçı direktoru Niyazi Əmirbəyov bütün qonaqları salamlayaraq bildirib:
“Agro Dairy olaraq 10 il əvvəl fəaliyyətə başladığımız ilk
gündən etibarən regionlarda istifadəsiz qalmış torpaq sahələrini
bərpa edərək onları kənd təsərrüfatı üçün yararlı və yüksək
məhsuldarlığa malik ərazilərə çevirməyə nail olmuşuq. Şirkətimiz
yerli fermerlərin yüksək məhsuldarlığa malik və stress amillərinə
davamlı toxumlara olan ehtiyacını qarşılayaraq, onlara birinci
reproduksiyalı və sertifikatlaşdırılmış toxumlar təqdim etməklə
daim dəstək göstərir. İllər öncə 100 nəfərə yaxın əməkdaşla
başladığımız bu yolda bu gün artıq 3000 nəfərlik böyük bir
komandaya çevrilmişik. Bu göstəricilər sübut edir ki, qarşıdakı
illərdə sürətlə böyüyəcək və fəaliyyət sahəmizi daha da
genişləndirəcəyik.
Ən böyük məmnuniyyətimiz odur ki, missiyamız, strategiyamız və
hədəflərimiz Azərbaycanın və regionun ərzaq təhlükəsizliyinin təmin
olunmasına yönəlib. İnanırıq ki, əməkdaşlarımızın səyi və
partnyorlarımızla birgə atdığımız addımlar nəticəsində bu hədəflərə
uğurla nail olacağıq."
Daha sonra Niyazi Əmirbəyov çıxış üçün PAŞA Holding-in Baş icraçı direktoru Cəlal Qasımova söz verib. Cəlal Qasımov “Agro Dairy” kollektivini 10 illik yubiley münasibətilə təbrik edərək bildirib ki, bu gün iqtisadi qeyri-müəyyənliklər, bazar rəqabətinin artması və xüsusilə təbiət amillərindən asılı olan bir sahədə fəaliyyət göstərərək 10 illik inkişaf yolunu uğurla keçmək və bu yubileyi qeyd etmək olduqca önəmli və dəyərli hadisədir.
O qeyd edib ki, bu illər ərzində göstərilən birgə əmək nəticəsində bu gün ölkənin aparıcı kənd təsərrüfatı şirkətlərindən birinin yubileyinə şahidlik etmək hər birimiz üçün böyük qürur mənbəyidir. “Agro Dairy” artıq 10 ildir ki, Azərbaycanın kənd təsərrüfatı sahəsində davamlı inkişafın əsas aparıcı qüvvələrindən biri kimi mühüm rol oynayır.
Şirkəti təbrik edən fəxri qonaqlar çıxışlarını yekunlaşdırdıqdan
sonra, “Agro Dairy” şirkəti yarandığı gündən 10 illik fəaliyyəti
dövründə çalışan əməkdaşlar xüsusi nominasiyalarla təltif
olunublar.
Rəsmi hissənin başa çatması ilə proqram musiqili çıxışlar, rəqslər
və əyləncəli oyunlarla davam edib.