Bakı. Trend:
Cari ilin birinci rübündə Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 3,5 milyard manat investisiya yönləndirilib.
Trend bu barədə AMB-dən məlumat əldə edib.
Məlumata görə, dövr ərzində neft-qaz sektoruna 1,03 milyard manat, qeyri neft-qaz sektoruna 2,4 milyard manat investisiya qoyuluşu olub. Müəssisə və təşkilatların öz vəsaitləri hesabına investisiyaların dəyəri 7,9% artaraq 2,1 milyard manat təşkil edib. Ümumi sərmayənin 52,3%-i məhsul istehsalı sahələrinin, 28%-i xidmət sahələrinin, 19,7%-i isə yaşayış evlərinin tikintisinin payına düşüb.
İnvestisiyaların 43,1%-i dövlət, 56,9%-i qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 77,7%-i tikinti-quraşdırma işlərinə sərf edilib. İnvestisiya qoyuluşunun tərkibində əsas payı sənaye (45.2%) və tikinti (26%) sahələri təşkil edib.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 72.6%-ni təşkil edib. Xarici mənbələrdən yönəldilmiş investisiyaların dəyəri ötən ilə müvafiq dövrünə nəzərən 19.4% artıb.