...

Parlament nümayəndə heyətinin İspaniya səfəri əlaqələrin daha da möhkəmlənməsi baxımından vacib mərhələnin başladığından xəbər verir - Millət vəkili

Siyasət Materials 23 May 2025 16:13 (UTC +04:00)
Parlament nümayəndə heyətinin İspaniya səfəri əlaqələrin daha da möhkəmlənməsi baxımından vacib mərhələnin başladığından xəbər verir - Millət vəkili
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslı və çoxvektorlu xarici siyasət kursu artıq parlament müstəvisində də dinamik inkişaf edir. Sahibə Qafarovanın İspaniyaya səfəri, Milli Məclisin bu istiqamətdəki rolunu daha da gücləndirməklə yanaşı, parlament diplomatiyasının dövlət siyasətinin ayrılmaz hissəsinə çevrildiyini nümayiş etdirir.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli parlamentin bu gün keçirilən plenar iclasından sonra Trend-ə açıqlamasında deyib.

Millət vəkili bildirib ki, Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin İspaniyaya rəsmi səfəri bu mənada parlament diplomatiyasının əhəmiyyətini bir daha vurğulayan mühüm bir hadisədir. Bu səfər Azərbaycanla İspaniya parlamentləri arasında mövcud əlaqələrin daha da möhkəmlənməsi və genişlənməsi baxımından vacib bir mərhələnin başladığından xəbər verir.

“İspaniya Avropa İttifaqının strateji üzvü olaraq Azərbaycanın xarici siyasətində mühüm tərəfdaşlardan biridir. Səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın energetika, nəqliyyat və bərpaolunan enerji sahələrindəki potensialı geniş müzakirə olunub. Sahibə Qafarova İspaniya ilə bu sahələrdə mövcud əməkdaşlığın inkişafı və yeni təşəbbüslərin həyata keçirilməsi üçün müsbət perspektivlər təqdim edib.

İspaniya ilə enerji və iqtisadi əməkdaşlıq Azərbaycanın xarici siyasətindəki prioritet sahələrdən biridir. Azərbaycanın enerji təchizatı və Orta Dəhlizdəki strateji rolu, İspaniya üçün həm iqtisadi, həm də siyasi əhəmiyyət daşıyır. İspaniyanın böyük enerji şirkətləri ilə əməkdaşlıq həmçinin Azərbaycanın enerji sahəsində daha da güclənməsinə imkan yaratmaqdadır.

Deputat vurğulayıb ki, parlament diplomatiyasının digər vacib bir istiqaməti də cəmiyyətlərarası əlaqələrin və mədəni mübadilənin təşviqidir.

“İspaniya ilə Azərbaycan arasında bu istiqamətdə əməkdaşlıq həm mədəni, həm də sosial sahələrdə daha dərin əlaqələrin qurulmasına şərait yaradır. Sahibə Qafarovanın Azərbaycanla İspaniya arasında turizm və mədəniyyət sahələrində də yeni əlaqələrin inkişafı üçün geniş imkanların mövcud olduğunu qeyd etməsi də bunu təsdiqləyir.

Sahibə Qafarovanın İspaniyaya səfəri Azərbaycan üçün təkcə bir beynəlxalq görüşlər zənciri deyil, həm də parlament diplomatiyasının dövlət siyasətinin ayrılmaz sütunlarından birinə çevrildiyini nümayiş etdirən simvolik hadisədir. Azərbaycanın diplomatik cəbhəsində qanunverici orqanın da fəal iştirakı milli maraqlarımızın qlobal müstəvidə daha effektiv müdafiəsinə və yeni strateji tərəfdaşlıqların qurulmasına xidmət edir”, - deyə E.Mirzəbəyli qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti