Bakı. Trend:
Fransız imperatoru I Napoleonun qılıncı Parisdə “Giquello” hərrac evinin keçirdiyi hərracda 4,7 milyon avroya satılıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Hərrac evi onun 700 milyon - 1 milyon avro civarında satılacağını proqnozlaşdırsa da, hərrac bütün gözləntiləri alt-üst edib.
I Napoleonun digər – 1800-cü ildə İtaliyada Marenqo döyüşü zamanı istifadə etdiyi qılıncı 2007-ci ildə rekord - 4.8 milyon avroya satılmışdı.
1802-ci ildə Napoleon Fransız Respublikasının birinci konsulu olduqdan sonra şəxsi istifadəsi üçün Versal istehsalat müəssisəsinin rəhbəri Nikola-Noel Buteyə xüsusi qılınc sifariş edib.
Hərrac evi qeyd edir ki, Napoleon imperator taxtına çıxdıqdan sonra da bu silahı hakimiyyətinin sonuna qədər saxlayıb. Taxt-tacdan imtina etdikdən sonra isə qılıncı özünün yaxın silahdaşlarından biri — marşal Emmanuel de Qruşiyə verib. Qılınc hərrac evinə Qruşinin bacısının nəvələri tərəfindən təqdim olunub.