Bakı. Trend:
Fransa imperatoru Napoleon Bonaparta məxsus nadir qılınc Parisdə keçirilən hərracda rekord qiymətə — 4 milyon 663 min 900 avroya alıcı tapıb.
Trend xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Tarixi qılınc imperatorun 1802–1803-cü illərdə, birinci konsul vəzifəsində çalışdığı dövrdə sifariş verilib və Napoleona hakimiyyətinin sonuna qədər məxsus olub. Daha sonra qılınc onun yaxın silahdaşlarından biri, Fransa İmperiyasının son marşalı Emmanuel de Qruşa verilib və həmin vaxtdan bəri onun nəslinin ailəsində qorunub saxlanılıb.
Mayın 22-də Drouot hərrac evində keçirilən açıq satışda bu unikal artefakt üçün ilkin qiymət 700 min – 1 milyon avro aralığında təyin olunsa da, böyük maraq nəticəsində satış qiyməti 4,6 milyon avronu ötüb. Hərracda bu məbləğ Napoleona aid əşyalar arasında indiyədək qeydə alınan ən yüksək qiymət olub.
Hərrac evinin nümayəndəsi Aleksandr Jikelyo qılıncı “sənət, tarix və gücün kəsişməsində dayanan obyekt” kimi dəyərləndirib və onun “qüsursuz mənşəyə malik əsl şah əsər” olduğunu bildirib. Onun sözlərinə görə, bu, “əsas kolleksiyaçıların arzuladığı bir əşyadır”.
Napoleonun bu qılıncının ikinci, eyni nüsxəsi hazırda Sankt-Peterburqdakı Ermitaj muzeyində saxlanılır.