...

Ötən həftə Azərbaycanın maliyyə sektorunda nə baş verib? - İCMAL

İqtisadiyyat Materials 24 May 2025 10:21 (UTC +04:00)
Ötən həftə Azərbaycanın maliyyə sektorunda nə baş verib? - İCMAL
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən həftə açıqlanan məlumata görə, bu ilin yanvar-aprel aylarında Azərbaycanda tikinti sahəsində əsas kapitala 1,185 milyard manat investisiya yönəldilib.

Trend xəbər verir ki, eyni dövrdə nəqliyyat və anbar təsərrüfatı sahəsində əsas kapitala 1,132 milyard manat investisiya yönəldilib. İnformasiya və rabitə sektoruna 120 milyon manat investisiya qoyulub. Mədənçıxarma sənayesinə yönəldilmiş investisiyalar 1,431 milyard manat olub.

Cari ilin aprel ayında Azərbaycanda əlilliyə görə 254 500-dən çox şəxs pensiya, 218 700-dən çox şəxs aylıq müavinət, 89 500-dən çox şəxs isə Prezident təqaüdü alıb.

İpoteka və Kredit Zəmanət Fondunun yaradılmasından indiyədək 54 420 ipoteka krediti verilib, ipoteka kreditləri üzrə məbləğ 3,507 milyard manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatlarına görə, cari ilin birinci rübündə fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 0.6 faiz bəndi azalaraq dövrün sonuna 33.1% təşkil edib. AMB-nin hökumət idarələri qarşısında öhdəliklərinin həcmi 7,990 milyard manat olub. AMB-nin beynəlxalq maliyyə institutları qarşısında öhdəliklərinin həcmi 1,223 milyon manat olub. Bu ilin yanvar-mart aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 0.9 milyard manat məbləğində investisiya edilib. Azərbaycan banklarının “Bloomberg”də apardıqları ticarət əməliyyatlarının həcmi 22.6 milyard manat təşkil edib.

Ötən il AMB-nin mənfəəti 721,5 milyon manat olub. AMB-nin Beynəlxalq Valyuta Fondu qarşısındakı öhdəliklərinin həcmi 1,175 milyard manat olub. Cari ilin yanvarın 1-nə rezident bankların AMB-dəki qısamüddətli depozitlərinin həcmi 1,268 milyard manat olub. Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycan Mərkəzi Bankının aktivləri 36,520 milyard manat olub. Ötən il AMB 1,755 milyon manat dəyərində qeyri-maddi aktivlər alıb. Cari ilin yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən Əmanətlərin Sığortalanması Fonduna verilmiş kreditlərin həcmi 163,9 milyon manat təşkil edib. Bu dövrdə AMB-nin ölkədəki banklara verdiyi kreditlərin həcmi 73 milyon manat olub. AMB-nin bank olmayan kredit təşkilatlarına (BOKT) verdiyi kreditlərin həcmi 648 min manat təşkil edib.

Ötən il AMB-nin kommunal xidmətlər üzrə xərclərinin həcmi 74 min manat olub. 2024-cü ilin dekabrın 31-nə Azərbaycanda dövriyyədə olan kağız və metal pulların həcmi 17,449 milyard manat olub. AMB-nin əmlakının dəyəri 538 milyon manatı ötüb. Ötən il Azərbaycan Mərkəzi Bankı işçilərinə 375 min manat kredit verib. Bu dövrdə AMB-nin rəhbərliyinə ödənişlər 2,701 milyon manat olub. Həmçinin, AMB-nin xarici valyuta əməliyyatlarından əldə etdiyi gəlirin həcmi 1,2 milyon manat təşkil edib.

Bunlarla yanaşı, bu ilin birinci rübü üzrə sorğu nəticələrinə əsasən, mikro və iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlarda dəyişiklik olmasa da, kiçik və orta sahibkarlıq (KOS) subyektləri üzrə kredit standartlarında yumşalma müşahidə edilib. Cari ilin birinci rübündə bankların fiziki şəxslərin (FŞ) və hüquqi şəxslərin (HŞ) müddətli depozitləri vasitəsilə maliyyələşməsində artım müşahidə olunub. Həm daxili ipoteka kreditləri, həm də İpoteka və Kredit Zəmanət Fondu (İKZF) hesabına verilən kreditlər üzrə standartlarda nəzərəçarpan dəyişiklik müşahidə edilməyib. Bu ilin birinci rübündə cəmi istehlak kreditləri, o cümlədən, kredit kartları üzrə kredit standartlarında sərtləşmə davam edib.

Azərbaycan Mərkəzi Bankı “İnteraktiv statistik məlumat bazası”nı istifadəyə verib.

Ötən həftə açıqlanan məlumata görə, bu ilin yanvar-aprel ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda fəaliyyət göstərən şəxslərə 1707 müraciət üzrə 32.3 milyon manat məbləğində güzəştli kredit verilib.

Keçən həftə məlum olub ki, son 7 ildə dövlət istiqrazları bazarı 9 dəfə artıb. Maliyyə Nazirliyi yenidən dövlət qiymətli kağızların emissiyasına başlayacaq.

Eyni zamanda, keçən həftə bilinib ki, İslam İnkişaf Bankının (İİB) adi kapital resurslarından 2024-cü ilin sonuna qədər Azərbaycana ayrılmış ümumi təsdiqlənmiş maliyyələşmə həcmi 1,0437 milyard ABŞ dolları təşkil edib. İslam İnkişaf Bankı Qrupundan (İİB) Azərbaycan üçün təsdiq edilmiş maliyyələşdirmənin ümumi həcmi 2024-cü ilin sonuna 1,298 milyard dollar təşkil edib. Azərbaycan və İİB arasında dayanıqlı infrastrukturla bağlı layihələr müzakirə edilib.

Açıqlanan məlumata görə, İslam İnkişaf Bankı Qrupunun 2026-cı ildəki İllik Toplantısı Azərbaycanda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti