Bakı. Trend:
Britaniyanın əfsanəvi “Queen” qrupunun solisti Freddi Merkurinin nikahdankənar gizli qızı olduğu iddia edilir.
Trend xəbər verir ki, bu sensasion məlumat “The Daily Mail” nəşrində dərc olunmuş, Merkurinin həyatına həsr edilmiş “Sevgi ilə, Freddi” adlı yeni tərcümeyi-hal kitabında yer alıb.
Kitabın müəllifi, tanınmış rok jurnalisti Lesli-Ann Consun yazdığına görə, Merkurinin rəsmi olaraq övladı olmasa da, 1976-cı ildə dostunun həyat yoldaşı ilə münasibətindən bir qız övladı dünyaya gəlib. Bu fakt yalnız Merkurinin ailəsi, “Queen” qrupunun üzvləri və yaxın dostu Meri Ostin kimi ən yaxın çevrəsinə məlum olub.
Müğənni, qızın anası və onun həyat yoldaşı uşağı birlikdə böyütmək qərarına gəliblər. Freddi Merkurinin tez-tez onların evinə baş çəkdiyi, səfərlərdə və səsyazma proseslərində olarkən belə, qızı ilə mütəmadi əlaqə saxladığı bildirilir.
Hazırda həmin qadının 48 yaşı var, Avropada yaşayır, həkim işləyir və anadır. O, bu münasibətləri gizli saxlamaq niyyətindədir.
Xatırladaq ki, Freddi Merkuri 1991-ci ilin 24 noyabrında, 45 yaşında QİÇS-lə əlaqəli bronxopnevmoniyadan vəfat edib. Onun “Bohemian Rhapsody” mahnısı The Official Charts Company tərəfindən minilliyin ən yaxşı mahnısı seçilib və Merkuri bu gün də musiqi dünyasının ən möhtəşəm vokallarından biri hesab olunur.