Bakı. Trend:
Avropa İttifaqı Şurasının sədri Antoniu Koştanın ötən gün Avropa Siyasi Birliyinin (ASB) 2028-ci ildə keçiriləcək Sammitinin Azərbaycanda baş tutacağını elan etməsi təkcə beynəlxalq xəbər deyil. Bu, eyni zamanda, etimad və tanınma siqnalı verən bir siyasi bəyanatdır.
ASB Sammitinin Bakıda keçirilməsi qərarı son illər Prezident İlham Əliyevin apardığı fəal, ardıcıl və çoxşaxəli diplomatiyanın nəticəsidir.
16 may tarixində Prezident İlham Əliyev Tiranada keçirilən 6-cı ASB Sammitində iştirak edib. Onun əsas müzakirələrə fəal şəkildə qoşulması və sıx görüş qrafiki bir daha sübut etdi ki, Azərbaycan bu gün təkcə müşahidəçi deyil, Avropa siyasi prosesinin zəruri iştirakçısıdır.
Bir müddət əvvəl skeptiklər Avropa İttifaqı ilə Azərbaycan arasında gərgin münasibətlərdən danışırdılar. Lakin Bakının prinsiplərdən geri çəkilməyən ardıcıl siyasəti bu yanaşmanı dəyişdi. Tiranada Prezident İlham Əliyev Moldova və Türkiyə prezidentləri, Böyük Britaniya, Litva, Çexiya və Slovakiya baş nazirləri, habelə Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə görüşlər keçirdi. Diqqətçəkən məqam isə ondan ibarət idi ki, bu görüşləri keçirmək təşəbbüsü məhz Avropa tərəfdən gəlmişdi – bu sadəcə protokol detalı deyil, diplomatik siqnal və Bakının nüfuzunun tanınmasıdır.
Son illər ərzində Azərbaycan Avropa İttifaqı üçün enerji, logistika və regional sabitlik sahələrində əvəzolunmaz tərəfdaşa çevrilib. Avropanın 10-dan çox ölkəsi Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan qaz alır ki, bu da qitənin enerji böhranının təsirlərini azaltmağa imkan verib.
Azərbaycan həm də əsas tranzit mərkəzidir. Ölkə ərazisindən Qazaxıstandan uran, Çindən konteyner qatarları və Mərkəzi Asiyadan strateji yüklər daşınır. Azərbaycan olmadan Şərq ilə Qərb arasında heç bir irimiqyaslı infrastruktur layihəsinin reallaşdırılması mümkün deyil. Bu, artıq Brüsseldə də anlayışla qarşılanır. Avropa Azərbaycanı təkcə tərəfdaş kimi deyil, həm də regionlar, enerji sistemləri və maraqlar arasında körpü kimi görür.
Ən mühüm istiqamətlərdən biri isə Orta Dəhlizin – Çin ilə Avropanı Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə birləşdirən nəqliyyat marşrutunun inkişafı olub. Limanlara, dəmiryollarına, gəmiqayırma sənayesinə və hava limanlarına qoyulan investisiyalar artıq nəticə verir: açıq dənizə çıxışı olmayan Azərbaycan Avrasiyanın mühüm logistika mərkəzlərindən birinə çevrilib.
Gələcəkdə isə “yaşıl” enerjinin ixracı gözlənilir. Qara dəniz vasitəsilə ekoloji cəhətdən təmiz elektrik enerjisinin Avropaya ötürülməsini nəzərdə tutan layihə artıq texniki tədqiqat mərhələsindədir. Və yenə Azərbaycanın iştirakı olmadan belə layihələrin baş tutması mümkünsüzdür.
21 mayda Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə toplantısı Azərbaycanın artan beynəlxalq nüfuzunun daha bir sübutu oldu. Görüşün Avropa paytaxtında, Prezident İlham Əliyevin iştirakı ilə keçirilməsi göstərdi ki, Avropa artıq TDT-ni mühüm oyunçu kimi qəbul edir və bu prosesdə Bakının rolu mərkəzi xarakter daşıyır.
Avropa Siyasi Birliyinin Sammitləri təkcə rəsmi sessiyalar və çıxışlar deyil. Bu, liderlər arasında qeyri-rəsmi, səmimi dialoq platformasıdır. Qlobal məsələlər pərdəarxasında müzakirə olunur, ittifaqlar formalaşır.
Tirana da bunu təsdiqlədi: Prezident İlham Əliyevin çoxsaylı şəxsi görüşləri təkcə ikitərəfli danışıqlar deyil, siyasi tanınmanın simvoluna çevrildi. Məhz bu kontekstdə ASB Sammitinin Bakıda keçirilməsi xüsusi əhəmiyyət daşıyır: Avropa liderləri təkcə Azərbaycana yox, Prezident İlham Əliyevlə görüşə gələcəklər.
Azərbaycanın ASB zirvə toplantısına ev sahibliyi edəcək ölkə kimi seçilməsi sadəcə hörmət jesti deyil. Bu, siyasi tanınmadır. Bu, Bakının artıq hesablaşılan paytaxt olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin iştirakı olmadan nə nəqliyyat, nə enerji, nə də Cənubi Qafqazda sabitlik barədə danışmaq mümkündür.
Bu qərarda müasir diplomatiyanın mahiyyəti əks olunur: möhkəm mövqe, strateji uzaqgörənlik və qazanılmış etimad. Avropa öz seçimini etdi. Bu seçim Azərbaycanın və Prezident İlham Əliyevin xeyrinə oldu.