Bakı. Trend:
Mayın 9 və 10-da mühacir qayıqlarının batması nəticəsində Myanmadan və Banqladeşdəki qaçqın düşərgəsindən qaçan 427 Rohinqa müsəlmanı həyatını itirib.
Trend xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb.
UNHCR hesabatı zərərçəkənlərin ailə üzvlərinin verdiyi ifadələr və Myanma sahillərində baş vermiş iki qayıq qəzası əsasında hazırlayıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) bildirir ki, Banqladeşin Cox’s Bazar bölgəsindəki qaçqın düşərgəsindən yola düşərək, Myanmanın qonşu Raxayn ştatına gedən və oradan daha çox insanı götürmək üçün geri qayıdan ilk qayıq mayın 9-da batıb. Qayıqda ümumilikdə 267 nəfər olub, onlardan yalnız 66 nəfəri sağ qalıb.
Cenevrədə yerləşən agentliyin məlumatına görə, eyni marşrutu izləyən və göyərtəsində 247 nəfər olan ikinci bir qayığın da ertəsi gün çevrilməsi nəticəsində yalnız 21 nəfər sağ qalıb.
Təxminən 1 milyon Rohinqa müsəlmanı hazırda Banqladeşdəki düşərgələrdə yaşayır. Onların arasında 2017-ci ildə Myanma təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi amansız repressiyalardan qaçan təxminən 740 min nəfər də yer alır. Həmin qüvvələr kütləvi zorlamalar və qətllər törətməkdə ittiham olunur.