...

Qazaxıstan Azərbaycandan qeyri-neft məhsulları alışını iki dəfədən çox artırıb

İqtisadiyyat Materials 24 May 2025 12:07 (UTC +04:00)
Qazaxıstan Azərbaycandan qeyri-neft məhsulları alışını iki dəfədən çox artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Qazaxıstana 34,6 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,1 milyon ABŞ dolları və ya 2,1 dəfə çoxdur.

Hesabat dövründə Qazaxıstana qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 3,24%-i həcmində olub. Bununla da Qazaxıstan Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında 6-cı pillədə qərarlaşıb.

Eyni zamanda, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanla Qazaxıstan arasında ticarət əməliyyatlarının həcmi 265,7 milyon ABŞ dolları təşkil edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 178,4 milyon ABŞ dolları və ya 3 dəfə çoxdur. Hesabat dövründə Qazaxıstan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,57%-i həcmində olub.

Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Qazaxıstana 34,8 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,9 milyon ABŞ dolları və ya 2,1 dəfə çoxdur.

Həmçinin, 2025-ci ilin yanvar-aprel aylarında Qazaxıstandan Azərbaycana 230,9 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 160,6 milyon ABŞ dolları və ya 3,3 dəfə artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 milyard ABŞ dolları və ya 24,1% çoxdur.

Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Bu da 2024-cü ilin ilk 4 ayındakı göstərici ilə müqayisədə müvafiq olaraq 616,1 milyon ABŞ dolları (və ya 7,5%) və 2,7 milyard ABŞ dolları (və ya 48,8%) çoxdur.

Nəticədə, xarici ticarətdə 651,792 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb ki, bu da 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 4,15 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti