Bakı. Trend:
Almaniyanın Hamburq şəhərində yerləşən əsas qatar stansiyasında baş verən bıçaqlı hücum nəticəsində yaralananların sayı 17 nəfərə yüksəlib.
Trend xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı yanğınsöndürmə xidmətinə istinadla məlumat yayıb.
Yaralılardan dördünün vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerli vaxtla saat 18:05 radələrində 13/14-cü platformalarda baş verib. Polis milliyyətcə alman olan 39 yaşlı qadını saxlayıb və onun təkbaşına hərəkət etdiyini ehtimal edir. İstintaq davam edir.
XXX
23:49
Hamburqun əsas dəmir yolu vağzalında baş vermiş bıçaqlı hücumla bağlı saxlanılan şəxsin təkbaşına hərəkət etdiyi ehtimal olunur.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hamburq polisi məlumat yayıb.
“Saxlanılan şəxs 39 yaşlı qadındır. Hazırda əldə olunan məlumatlara əsasən onun təkbaşına hərəkət etdiyini güman edirik. İstintaq tam sürətlə davam etdirilir”, – deyə bildirilib.
Hüquq-mühafizə orqanlarının açıqlamasına görə, hadisə zamanı neçə nəfərin xəsarət aldığı hələ də dəqiq bilinmir. Bununla belə, bir neçə şəxsin həyati təhlükəli xəsarətlər aldığı qeyd olunub.
XXX
22:25
Almaniyanın Hamburq şəhərində yerləşən mərkəzi dəmir yolu vağzalında naməlum şəxs bıçaqla insanlara hücum edib.
Trend xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Hücumun ardından polis vağzalda genişmiqyaslı əməliyyata başlayıb və hücumu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Hazırda hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.