...

Azərbaycan ilə Meksika iqlim dəyişikliyi ilə bağlı əməkdaşlığı müzakirə ediblər (FOTO)

Siyasət Materials 24 May 2025 18:25 (UTC +04:00)
Azərbaycan ilə Meksika iqlim dəyişikliyi ilə bağlı əməkdaşlığı müzakirə ediblər (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini, COP29 üzrə baş danışıqçı Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti 23 may 2025-ci il tarixində Meksika Birləşmiş Ştatlarına səfər edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Meksika Xarici İşlər Nazirliyinin Çoxtərəfli Əlaqələr və İnsan Hüquqları məsələləri üzrə nazir müavini Enrike Oçoa Martinez, Meksikanın iqlim məsələləri üzrə baş danışıqçısı Kamila Zepeda və Meksikanın nüfuzlu beyin mərkəzlərindən biri olan Beynəlxalq Əlaqələr üzrə Meksika Şurasında (COMEXI) görüşlər keçirilib.

Nazir müavini Enrike Oçoa Martinez ilə keçirilən görüşdə beynəlxalq təşkilatlar və digər çoxtərəfli platformalar çərçivəsində Azərbaycan və Meksika arasındakı səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub. Y.Rəfiyev meksikalı həmkarını Azərbaycanın xarici siyasət prioritetləri, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, eləcə də qarşıdan gələn dövrdə çoxtərəfli platformalarda Azərbaycanın təşəbbüsü və ev sahibliyi ilə keçiriləcək tədbirlər barədə ətraflı məlumatlandırıb.

Tərəflər iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq məsələlərini də müzakirə edib, bu çərçivədə Azərbaycanın COP29-a sədrliyinə dair fikir mübadiləsi aparıb.

Meksikanın iqlim məsələləri üzrə baş danışıqçısı Kamila Zepeda ilə keçirilmiş görüşdə Azərbaycanın COP29-a sədrliyi çərçivəsində əldə etdiyi tarixi nailiyyətlər vurğulanıb, bu xüsusda Azərbaycanın uğurlu sədrliyi təqdir edilib.

Beynəlxalq Əlaqələr üzrə Meksika Şurasında (COMEXI) keçirilmiş görüş zamanı 2020-ci il 44 günlük Vətən müharibəsi nəticəsində Cənubi Qafqazda formalaşmış yeni reallıqlar konteksində Azərbaycanın regionda artan rolu və həyata keçirdiyi çoxşaxəli xarici siyasət, beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin təşəbbüsləri və fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanın COP29 sədrliyi və bu çərçivədə aparılmış danışıqların məzmunu və əldə etdiyi nəticələr yüksək qiymətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti