Bakı. Trend:
İranın nüvə proqramı və digər sahələrdə hansı yolu getməli olduğunu kimsə ona diktə edə bilməz.
Trend-in məlumatına görə, bunu İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslami Məşhəddə keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, başqa ölkələr İran üçün hər hansı məsələni müəyyənləşdirə bilməz. İran öz milli mənafeyi və məqsədlərinə əsasən qərar verir.
“Hazırda İran milyonlarla dollar vəsait xərcləyən ölkələrlə müqayisədə yaxşı mövqedədir və İranın izlədiyi yolu məhv etmək olmaz”, - deyə o qeyd edib.
İran rəsmi səviyyədə bildirir ki, İranın strategiyası atom bombasını əldə etməməkdir və İran kütləvi qırğın silahlarının istehsalını əsla dəstəkləmir.
Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. İran 2020-ci ildə nüvə sazişində İranın hər hansı məhdudiyyətinin olmayacağını elan edib.
Əlavə edək ki, 2020-ci ilin sonlarında İran parlamenti İrana qarşı sanksiyaların tətbiq olunmasını əsas gətirərək sanksiyaların ləğv edilməsi məqsədilə nüvə sahəsində strateji planın icra edilməsinə qərar verib. İran parlamentinin qərarına əsasən İran 23 fevraldan nüvə sazişində nəzərdə tutulan əlavə addımlar və əlavə protokolun icrasını dayandırıb. Bununla AEBA-nın nəzarət mexanizmi 20-30% azalıb.