Bakı. Trend:
Macarıstanın Sigetsenmikloş şəhərində keçirilən sumo üzrə Avropa çempionatı davam edir.
Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasından Trend-ə verilən məlumata görə, qitə birinciliyinə Yapon Döyüş növləri və Mədəniyyəti Assosiasiyasının rəhbərliyi altında 4 sumoçu yollanıb. Turnirdə U23 kateqoriyasında ölkəmizi təmsil edən Rəsul Məmmədzadə fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Ötən il Yunanıstanın Lutraki şəhərində keçirilən Avropa çempionatında böyüklər arasında bürünc mükafat əldə edən təcrübəli idmançımız nəticəsini yaxşılaşdıraraq, bu dəfə gümüş medala yiyələnib.
Qeyd edək ki, sabah daha 4 çəki dərəcəsində təmsilçilərimiz yarışa qoşulacaq.
U21, U23 və böyüklər kateqoriyaları üzrə təşkil edilən qitə birinciliyində 17 ölkədən 300-dən çox idmançı qüvvəsini sınayır. Avropa çempionatına 25 may tarixində yekun vurulacaq.