Bakı. Trend:
Bu il ərzində pul siyasəti hədəflərinə nail olmaq üçün açıq bazar əməliyyatları, daimi imkan alətləri və məcburi ehtiyatlardan istifadə olunub.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib.
Məlumata görə, 2024-cü il ərzində açıq bazar əməliyyatları qismində sterilizasiya məqsədilə 28 günlük, 84 günlük, 168 günlük və 252 günlük notların yerləşdirilməsi üzrə müntəzəm hərraclar davam etdirilib.
"Açıq bazar əməliyyatları üzrə kəmiyyət parametrlərinə dair qərarlar likvidliyin monitorinqi və proqnozlaşdırılması əsasında verilib.
Profisitli dövlət büdcəsi şəraitində hökumət hesablarının dəyişiminin bank sistemindəki likvidliyə azaldıcı təsirlərini nəzərə alaraq Mərkəzi Bank sterilizasiya əməliyyatlarının həcmini azaldıb. Noyabr ayının sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 300 mln. manat təşkil edib ki, bu da 2023-cü ilin sonunda olan portfelin həcmi (1320 mln. manat) ilə müqayisədə 4.4 dəfə azdır. Məcburi ehtiyat normalarında hesabat dövründə dəyişiklik edilməyib”, - deyə məlumatda qeyd olunub.
