Bakı. Trend:
İsrail hərbçiləri Qəzza zolağının şimalındakı Cebaliya qaçqın düşərgəsində keçirdikləri əməliyyat zamanı 240-dan çox radikalı saxlayıblar.
Trend-in məlumatına görə, İsrail ordusunun mətbuat xidməti bildirib ki, həbslər Kamal-Advan xəstəxanasının ərazisində həyata keçirilmiş məqsədyönlü reyd zamanı baş verib. Qeyd olunur ki, xəstəxana kompleksi HƏMAS tərəfindən komanda məntəqəsi kimi istifadə edilib.
Əməliyyat başlamazdan əvvəl xəstəxanadan 350 nəfər, o cümlədən xəstələr və tibb işçiləri təxliyə edilib. Reyd zamanı xəstəxanada silah və sursat anbarları aşkar edilib.
Əməliyyat zamanı xəstəxananın yaxınlığında yerləşən radikallar tank əleyhinə qumbaraatanlardan istifadə edərək İsrail hərbçilərinə hücum etməyə cəhd ediblər. İsrail ordusunun cavab tədbirləri nəticəsində bir neçə radikal məhv edilib. Əməliyyat zamanı İsrail tərəfdən itki qeydə alınmayıb.