Bakı. Trend:
Bu gündən etibarən Gürcüstanın yeni seçilmiş prezidenti var. O, xalqın iradəsini müdafiə edəcək, Konstitusiyanı qoruyacaq və milli dəyərləri, maraqları üstün tutacaq.
Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ölkənin yeni seçilmiş prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimində çıxışı zamanı bildirib.
"İki həftə əvvəl, 14 dekabrda, bu zalda yeni konstitusiya qaydalarına əsasən prezident seçkiləri keçirildi. 300 nəfərdən ibarət Seçicilər Kollegiyası Mixail Kavelaşvilini 224 səs toplayaraq, Gürcüstanın prezidenti seçdi. Gürcüstanın siyasi tarixi göstərir ki, prezident vəzifəsi böyük bir şərəf olmaqla yanaşı, eyni zamanda böyük bir məsuliyyətdir.
Prezident olmaq – dövlətin rəhbəri olmaq deməkdir, hökumət başçısı olmaq deyil; dövlətçiliyin və müstəqilliyin simvolu olmaq, siyasi aktivist deyil; şəxsi ambisiyalara deyil, ölkəyə sadiq olmaq deməkdir. Bu incə xətt, təəssüf ki, bəzi şəxslər tərəfindən nəzərə alınmayıb və asanlıqla aşılmışdır.
Bu yanlışlığa cavab 26 oktyabrda 1 120 000 vətəndaşımız tərəfindən Gürcüstanın altıncı Prezidentinə güc və dəstək verəcək möhkəm və yüksək səsli bir iradə bəyanatı oldu. Bu yüksək səviyyədə inam şəraitində yeni prezidentin rolu milli konsensusun gücləndirilməsi, konstitusiya nizamının qorunması və Gürcüstanın dünyada layiqincə təmsil olunması üçün həlledici olacaqdır", – deyə Ş.Papuaşvili qeyd edib.