Bakı. Trend:
İsrailin “El Al Airlines” aviaşirkəti Moskva istiqamətində uçuşlara tətbiq etdiyi məhdudiyyətləri 2025-ci ilin mart ayının sonuna qədər uzadıb.
Trend İsrail mediasına istinadən xəbər verir ki, aviaşirkət bu qərarı 25 dekabrda Aktau yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) təyyarəsinin qəzasından sonra mövcud təhlükəsizlik vəziyyətini nəzərə alaraq qəbul etdiyini bildirib.
Qeyd edək ki, 26 dekabrda aviaşirkət Təl-Əviv-Moskva istiqamətində uçuşların bir həftəlik dayandırıldığını açıqlamışdı. “El Al Airlines” AZAL təyyarəsi ilə baş verən hadisədən sonra bu cür tədbirlər görən ilk aviaşirkət oldu.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.
Dekabırın 26-da bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14 nəfər Bakıya gətirilib
Təyyarənin “qara qutusu” tapılıb və onun analizi beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq aparılır. Hal-hazırda qəzanın səbəbləri araşdırılır. Lazımi araşdırmalar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.