Bakı. Trend:
Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərdən 5 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki Yeni Klinikada davam etdirilir.
Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.
Bildirilir ki, stasionar müalicə alan xəstələrdən 9 nəfər bu gün kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılıb.
"Reanimasiya şöbəsində müalicə alan və əvvəllər vəziyyəti ağır stabil olaraq qiymətləndirilən pasiyent stasionar şöbəyə köçürülüb. Hazırda vəziyyəti orta ağırdır.
Müalicəsi davam etdirilən digər şəxslərin vəziyyətləri isə qənətbəxş olaraq qiymətləndirilir.
Hər birinin sağlamlıq durumu həkimlərin nəzarətindədir", - məlumatda qeyd olunub.
Qeyd edək ki, dekabrın 28-dən 29-na keçən gecən “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşləri Bakıya gətirilib.
Daha öncə bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14 nəfər Bakıya gətirilib.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.