Bakı. Trend:
Qazaxıstanın "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasını araşdıran hökumət komissiyası təhqiqatın ilkin nəticələrini 30 gün ərzində təqdim edəcək.
Trend xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini, komissiya üzvü Talqat Lastayev deyib.
"Ümumilikdə standartlara görə, təhqiqatın ilkin və ya aralıq nəticələri 30 gün ərzində elan edilir", - nazir müavini söyləyib.
Lastayevin sözlərinə görə, hazırda araşdırmanın sahə mərhələsi gedir, yəni təyyarənin parçaları, qəza yerindən izlər toplanır. Bütün bunlar Aktau hava limanında xüsusi təşkil olunmuş yerə toplanır və ekspertlər toplanmış sübutları qiymətləndirir.
Qeyd edək ki, dekabrın 28-dən 29-na keçən gecə “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşləri Bakıya gətirilib.
Daha öncə, bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14
nəfər Bakıya gətirilib.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan
"Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km
məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.