...

AZAL-a məxsus təyyarənin kənar müdaxilə nəticəsində qəzaya uğraması Azərbaycan xalqı üçün növbəti sınaq oldu - Afət Həsənova

Siyasət Materials 30 Dekabr 2024 12:00 (UTC +04:00)
AZAL-a məxsus təyyarənin kənar müdaxilə nəticəsində qəzaya uğraması Azərbaycan xalqı üçün növbəti sınaq oldu - Afət Həsənova

Bakı. Trend:

Bakı-Qroznı marşrutu üzrə hərəkət edən AZAL-a məxsus təyyarənin kənar müdaxilə nəticəsində qəzaya uğraması Azərbaycan xalqı üçün növbəti bir sınaq oldu. Bütün xalqımız bu faciəvi hadisədən dərin sarsıldı, həssas münasibət göstərdi, milli birlik və həmrəylik nümayiş etdirdi, bu çətin gündə hər kəs dövlətinin yanında yer aldı.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev hadisəyə çox çevik və həssas münasibət göstərərək həmin zaman Rusiya səfərini təxirə salaraq xalq ilə bir yerdə olmaq üçün geri döndü, təcili müşavirə keçirərək məsələni ciddi nəzarətə götürdü:

“Dövlət başçısının tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradı, Azərbaycan nümayəndə heyəti vətəndaşlarımızın yanında olmaq, məsələni araşdırmaq üçün təcili qəza yerinə getdilər. Dövlətimiz hadisə ilə bağlı hər bir nüansı diqqətdə saxladı, yaralı vətəndaşlarımız dövlətin nəzarəti altında qısa bir zamanda ölkəmizə gətirildi, onlara bütün zəruri tibbi yardım göstərildi, eyni zamanda qəzada həlak olanların ailələrinə, yaralılara yardım göstərilməsi barədə qərar verildi. Qəzada həlak olan vətəndaşlarımızın da cəsədləri qısa müddət ərzində ölkəmizə gətirildi. Qəza ilə bağlı dövlətimiz tərəfindən bütün zəruri tədbirlər təcili həyata keçirildi, vətəndaşlarımız bütün diqqət və qayğı ilə əhatə olundu, onlara bütün zəruri yardımlar həyata keçirildi. Eyni zamanda qəzada Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təyyarə qəzası nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edərək onların ailə üzvlərinə və yaxınlarına başsağlığı verdilər.

Bütün bu proses bir daha göstərdi insan amili hər zaman dövlət siyasətinin mərkəzində dayanır, Azərbaycan dövləti hər bir vətəndaşının probleminə diqqətlə yanaşır, hər bir vətəndaşının arxasında qürurla dayanır. Hər bir vətəndaşımız fəxr edə bilər ki, onun arxasında Azərbaycan kimi qüdrətli dövlət dayanır. Cənab Prezident İlham Əliyevin “mən hər bir azərbaycanlının prezidentiyəm” fikri bir daha özünü aydın şəkildə sübut etdi”.

A.Həsənova vurğulayıb ki, bu hadisə eyni zamanda xalqımızın möhkəm birliyini və həmrəyliyini nümayiş etdirdi.
Deputat əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə zəng edərək üzr istəməsi bir daha ölkəmizin nüfuzunun göstəricisidir. “Əlbəttə bu hadisə xalqımızın tarixinə növbəti bir faciəvi hadisə kimi yazıldı. Ancaq bu hadisəni törədənlər mütləq öz cəzalarını almalıdırlar”.

Xəbər lenti

Xəbər lenti