Bakı. Trend:
Ötən il Almaniyada baş verən təbii fəlakətlər (dolu, tufan və fırtına) sığorta şirkətlərinə 5,5 milyard avroya başa gəlib.
Trend xəbər verir ki, Almaniya Sığorta Sənayesi Baş Assosiasiyasının (GDV) məlumatına görə, il ərzində əmlak sığortası üzrə 4,5 milyard avro məbləğində sığortalanmış zərərlər qeydə alınıb. Bunun 2 milyard avrosu fırtına və dolu, 2,5 milyard avrosu isə güclü yağışlardan sonra yaranan daşqınlar nəticəsində yaranan ziyanı əhatə edir. 2024-cü ildə avtomobil sığortaçıları üçün zərər orta səviyyədən bir qədər aşağı - təxminən bir milyard avro olub.
Bu il Almaniyanın cənub və cənub-qərb hissələrində genişmiqyaslı daşqınlar baş verib. Belə ki, mayda Saarland və Reynland-Pfalts əyalətlərində sığortaçılar 200 milyon avro dəyərində ziyan qeydə alıblar. İyunda isə Bavariya və Baden-Vürtemberq əyalətlərində daşqınlar olub.
Almaniyada sığortaçılar bir qayda olaraq, hesabatları növbəti ilin yazında apardıqları üçün dəymiş zərərin həcmini yalnız bundan sonra dəqiqliklə açıqlaya bilirlər. 2023-cü ildə Almaniyada sığorta itkilərinin ümumi məbləği 5,7 milyard avro təşkil edib.