...

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyimizin və bərabərliyimizin simvoludur - Deputat

Cəmiyyət Materials 29 Dekabr 2024 11:08 (UTC +04:00)
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyimizin və bərabərliyimizin simvoludur - Deputat
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyimizin və bərabərliyimizin simvoludur.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi.

“Ulu öndər tərəfindən 31 dekabrın dünya azərbaycanlılarının həmrəyliyi günü elan edilməsi ən yeni tariximizin mühüm siyasi hadisələrindən biridir. Bu birliyin, həmrəyliyin əsasını azərbaycançılıq ideyası təşkil edir. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Ulu öndər ikinci dəfə hakimiyyətə gəldikdən sonra bütün sahələrdə olduğu kimi dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayırdı. Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu. Heydər Əliyev bütün xarici səfərləri zamanı həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşür, onlara diaspora fəaliyyətinin vacibliyi və istiqamətləri barədə tövsiyələrini verirdi.

Digər sahələrdə olduğu kimi, dünya azərbaycanlılarının təşkilatlanması, diaspor quruculuğunda da Ümummilli Lider Heydər Əliyevin böyük rolu oldu. Elə Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsinə də məhz Heydər Əliyevin təşəbbüsü ilə başlanıldı. Dünya Azərbaycanlılarının ilk Qurultayı isə "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabrın 9-10-da Bakıda keçirildi”, - deyə deputat bildirib.

A.Həsənova qeyd edib ki, sonradan Dünya Azərbaycanlılarının qurultayının keçirilməsi ənənəvi hal aldı.

“Ulu öndərin əsasını qoyduğu bu ənənə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. 2006-cı il martın 16-da II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də IV qurultaylar keçirildi. Əlbəttə bu qurultayların keçirilməsi dünya azərbaycanlıları arasında əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə imkan yaratdı və soydaşlarımız daha sıx birləşdirlər”, - o deyib.

Deputat bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfəri dünyada yaşayan milyonlarla soydaşımız üçün böyük qürur mənbəyinə çevrildi.

“Dünya Azərbaycanlılarının V qurultayi isə məhz doğma Şuşamızda baş tutdu. “Əlbəttə bu qurultay çox qürurverici idi və diaspora fəaliyyətinin güclənməsinə böyük təkan verdi. 44 günlük müharibədə tarixi Zəfərdən sonra dünya azərbaycanlılarının qurultayının Şuşada keçirilməsinin çox böyük tarixi əhəmiyyəti və rəmzi mənası var idi. Dünya azərbaycanlıları qalib xalqın nümayəndələri kimi qürurla azad Şuşamızda toplaşdi.

Bu eyni zamanda Azərbaycan dövlətinin gücünün və dünya azərbaycanlılarının möhkəm həmrəyliyinin təzahürü idi. Bu qurultay eyni zamanda dünyada yaşayan soydaşlarımızın daha sıx birləşməsi, təşkilatlanması üçün yeni bir mərhələ oldu. Dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, diaspor siyasəti vahid dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib”, - deyə deputat əlavə edib.

Xəbər lenti

Xəbər lenti