Bakı. Trend:
Azərbaycanda mənzil özəlləşdirmək üçün sənədlər elektronlaşdırılır.
Trend
xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirə edilən "Azərbaycan Respublikasında
mənzil fondunun özəlləşdirilməsi haqqında" qanuna dəyişiklikdə
əksini tapıb.
Layihədə qeyd olunur ki, “Daşınmaz əmlakın dövlət reyestri
haqqında" qanuna uyğun olaraq, "Azərbaycan Respublikasında mənzil
fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının
Qanununda düzəlişin edilməsi Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 27 fevral tarixli 1859 nömrəli sərəncamı ilə təsdiq
edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün
Milli Fəaliyyət Planı"nın 4.2-ci bəndindən irəli gələrək (dövlət
xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər
dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın
vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi
vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi
üçün bu prinsipin sahəvi normativ hüquqi aktlarda təsbit edilməsi,
habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının
artırılması), habelə "İnzibati icraat haqqında" qanuna edilmiş
dəyişikliyə uyğun olaraq vətəndaşa dair sənəd və məlumatın əldə
edilməsinin ardıcıllığının müəyyən olunması və hüquqi tənzimlənməsi
məqsədi daşıyır.
Sənədlər Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə əldə edilə bildikdə sənədlər ərizəçidən tələb edilmir;
Sənədlər EHIS vasitəsilə əldə edilə bilmədikdə isə aşağıdakı
qaydada alınır:
ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından
(qurumundan) tələb olunur.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib