Bakı. Trend:
Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət edib.
Trend-n məlumatına görə, müraciəti Milli Məclisin deputatı Samir Vəliyev oxuyub:
"Əziz soydaşlar, dəyərli həmvətənlər!
Sayına və intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanmağa haqqı çatan qüdrətli Azərbaycan xalqını milli-mənəvi bütövləşməyə çağırış günü münasibəti ilə hər birinizi səmimi qəlbdən salamlayırıq. Tariximizə və mədəniyyətimizə dərin kök salmış Həmrəylik Günü dil, əqidə, əməl birliyimizin rəmzinə çevrilmişdir. Biz bu günü qeyd edərkən xalqımızın əsrlər boyu yaratdığı milli dəyərlərə sadiqliyimizi, onları daha da artıraraq gələcək nəsillərə ötürmək əzmində olduğumuzu ifadə edirik.
Bəşər sivilizasiyasının inkişafının indiki mərhələsi dünyanın siyasi mənzərəsinin sürətlə dəyişməsi, millətlərin tarix səhnəsində oynadıqları rolların keyfiyyətcə yeniləşməsi ilə fərqlənir. Həyat sübut edir ki, etnik-siyasi baxımdan mütəşəkkil qüvvəyə çevrilə bilməyən xalqlar ümumdünya inkişafında tutduqları mövqeləri tədricən itirir, getdikcə zəifləyərək öz hüquq və mənafelərini həyata keçirmək imkanlarından məhrum olurlar.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə otuz üç il öncə başlanmış milli-mənəvi bütövləşmə hərəkatı getdikcə daha geniş vüsət alır. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız ümummilli məqsədlərimizin gerçəkləşməsi naminə milli birliyin misilsiz əhəmiyyət daşıdığını dərindən dərk edirlər. Azərbaycan icmaları və diaspor təşkilatları inkişaf edib möhkəmlənir, soydaşlarımızın və həmvətənlərimizin siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi işində yaxından iştirak edirlər.
Dünya azərbaycanlılarının bir-biri ilə və tarixi Vətənlə əlaqələrinin güclənməsinə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan soydaşlarımızın hüquq və mənafelərinin, təhlükəsizliyinin, milli kimliyinin qorunmasına, onların inkişafına, Azərbaycan dilini, ənənələrini və mədəniyyətini qoruyub saxlamasına, dəfələrlə soyqırımına və deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların hüquqlarının bərpasına və zorla tərk etməyə məcbur olduqları ata-baba torpaqlarına qayıtmasına dəstək verilməsi Azərbaycan Respublikasının dövlət siyasətinin ayrılmaz tərkib hissəsini təşkil edir.
Əziz soydaşlar, dəyərli həmvətənlər!
Ötən bir ildə Azərbaycan Respublikası yeni böyük uğurlara nail olmuşdur. Ölkəmizin siyasi, iqtisadi və hərbi potensialı daha da artırılmışdır. Əhalinin yaşayış səviyyəsi yüksəlmişdir. Dövlətimizin beynəlxalq mövqeləri daha da möhkəmlənmişdir.
İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildikdən sonra ölkəmizin bütün ərazisində azad və ədalətli Prezident və parlament seçkilərinin keçirilməsi dövlətimizin sülh və sabitlik şəraitində demokratik inkişafında yeni mərhələ açmışdır.
Dünya miqyaslı tədbir olan COP29 konfransının Bakıda keçirilməsi ölkəmizin iqlim dəyişmələri probleminin həlli üçün göstərilən beynəlxalq səylərdə liderliyini təsdiq etmişdir. İqtisadi Əməkdaşlıq Təşkilatının Qahirədə keçirilən Zirvə görüşündə Azərbaycanın yekdil qərarla D-8 təşkilatına üzv qəbul edilməsi dövlətimizin xarici siyasətinin yeni böyük uğuru olmuşdur.
Əziz soydaşlar, dəyərli həmvətənlər!
Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının ümid və istinad yeri, ata-baba yurdu olduğundan Asiyada, Avropada, Amerikada və başqa qitələrdə yaşayan soydaşlarımız doğma Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, dövlətimizin milli mənafelərə uyğun olan müstəqil siyasət yeritməsindən, dünya birliyinin sayılıb-seçilən üzvlərindən birinə çevrilməsindən məmnunluq duyurlar.
Yeni tarixi dövrün astanasında Azərbaycan xalqı yeni imkanlara və nailiyyətlərə hazırdır. Keçmişdə qarşılaşdığımız çətinliklər bizi daha güclü etmişdir. Şübhə yoxdur ki, xalqımızın yeni dövrdə davamlı yüksəlişinin yolu on milyonlarca soydaşımızın və həmvətənimizin milli-mənəvi birliyinin möhkəmlənməsindən keçir.
Azərbaycanın dünyaya daha yaxından tanıdılması, xalqımızın qədim adət-ənənələrinin, gözəl dilinin, zəngin mədəniyyətinin yaşadılması və təbliğ edilməsi sahəsində görüləsi işlərimiz çoxdur. Soydaşlarımızın və həmvətənlərimizin bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, milli özgünlüyümüzü uca tutmaq, milli hüquqlarımızı qorumaq, hər sahədə bir-birinə dəstək olmaqdır.
Əziz soydaşlar, dəyərli həmvətənlər!
Sizi ümummilli qayələrimizin gerçəkləşməsi naminə sıx birləşməyə çağırır, xalqımızın mənafelərinin qorunması uğrunda mübarizəyə səsləyirik. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, hər birinizə can sağlığı, ailə səadəti, firavanlıq arzulayır, doğma Azərbaycanımıza nurlu gələcək diləyirik!"