Bakı. Trend:
Mən qızımla fəxr edirəm.
Trend xəbər verir ki, bunu bu gün təyyarə qəzasında həlak olan bələdçi Hökumə Əliyevanın atası Cəlil Alıyev Aktau yaxınlığında qəzada həlak olan 3 ekipaj üzvü (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökumə Əliyeva) ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında keçirilən vida mərasimində deyib.
"Təbii ki, ağır faciədir. Bu ağır faciənin yükünü bütün xalqım, dövlətim, millətim bərabər çəkir. Onların hamısına təşəkkür edirəm. Xalqımızın başı sağ olsun. Mən qızımla fəxr edirəm. Qoy həmişə, daim yaşasın. Mən onu çox istəyirəm", - o qeyd edib.
Xatırladaq ki, bu gecə “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökumə Əliyeva) və 21 sərnişinin nəşləri Bakıya gətirilib.
Qeyd edək ki, daha öncə bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14 nəfər Bakıya gətirilib.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.