Bakı. Trend:
“Azərbaycan Respublikasında ovçuluqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edilib.
Trend xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ov obyektinə aid edilmiş vəhşi heyvanların yetişdirilməsi ilə bağlı təsərrüfat subyektlərinin vəzifələri aşağıdakılardır:
heyvanlara təbiətdə yaşadığı biotopa uyğun şərait yaratmaq;
heyvanları qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən yem məhsulları ilə təmin etmək;
heyvanların yaşına və cinsinə uyğun istifadə dərəcəsini tənzimləmək, onları baytarlıq və zootexniki xidmətlə təmin etmək;
heyvanlar xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (bundan sonra – Nazirlik) məlumat vermək, xəstəliklərin profilaktikası və ləğvi üzrə kompleks tədbirlər həyata keçirmək;
nəsilartırma və çoxalma dövrlərində heyvanların bioloji xüsusiyyətlərini nəzərə almaq;
heyvanların il ərzində təbiətdə olan fəallıq və yuxu dövrlərini gözləmək;
heyvanların təbiətdə olan cinsiyyət nisbətini və artım sürətini nəzərə almaq;
heyvanlarla təmasda olduqda, yaşayış yerlərini dəyişdikdə, təhlükəsizlik qaydalarına və normalarına əməl etmək;
heyvanlarla heyvanlar aləmindən istifadənin humanist prinsiplərinə uyğun rəftar etmək;
yem məhsulları saxlanılan yerlərdə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl etmək;
heyvanların təbii birliklərinin bütövlüyünü pozmayan və istifadəsinə icazə verilməyən heyvan növlərinin qorunmasını təmin edən üsullarla heyvanlar aləmindən istifadə etmək;
heyvan növləri saxlanılan və artırılan bütün obyektlərə, heyvanlar aləminin mühafizəsinə, istifadəsinə dövlət nəzarətini həyata keçirən Nazirliyin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrini maneəsiz buraxmaq, onların qanuni tələblərini və qərarlarını vaxtlı-vaxtında yerinə yetirmək;
heyvanlar aləminin obyektlərindən səmərəli istifadə etmək, heyvanların yaşayış mühitinin xüsusi fəaliyyət nəticəsində ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək, istehsalat proseslərini həyata keçirərkən təbiəti mühafizə qaydalarına riayət etmək;
ovçuluq təsərrüfatlarına bitişik ərazilərin hüdudlarında heyvanlar aləmi obyektlərinin mühafizəsini həyata keçirmək, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş və xüsusi mühafizə olunan heyvan növlərinin mühafizəsi rejiminə əməl etmək;
heyvanlar aləminin yaşayış şəraitinin pisləşdiyi hallarda nəsilartırma qabiliyyəti aşağı düşdükdə və heyvanların məhv olması təhlükəsi yarandıqda, heyvanlara və onların yaşayış mühitinə zərərli təsirin qarşısını almaq üçün preventiv tədbirlər görmək;
dövlət ekoloji ekspertizasının müsbət rəyləri olmadan heyvanlar aləminin məskunlaşdığı ərazilərdə mikroorqanizmlərin yeni ştamlarının, bioloji aktiv maddələrin yaradılmasına, genetik dəyişilmiş orqanizmlərin yetişdirilməsinə və başqa biotexnoloji məhsulların istehsalına yol verməmək;
heyvanların yaşadığı və qidalandığı ərazilərdə müəyyən edilmiş ekoloji təhlükəsizlik qaydalarına əməl etmək;
heyvanların yaşayış mühitini, miqrasiya yollarını, qışlama yerlərini, nəsilartırma və çoxalma şəraitini qorumaq;
Nazirliyin razılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi cəhətdən əsaslandırılmış rəyi olmadan Azərbaycan Respublikasının faunası üçün yeni olan heyvan növlərinin iqlimə uyğunlaşdırılmasına, artırılmasına və damazlıq bazasının yaradılmasına imkan verməmək;
heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Ov obyektinə aid edilmiş vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən ov yerlərinə buraxılması barədə Xidmətə yazılı və ya elektron ərizə vasitəsilə müraciət edilir.
Təsərrüfat subyektləri tərəfindən təqdim edilən ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:
təsərrüfat subyektinin müraciət etdiyi inzibati orqanın adı;
təsərrüfat subyekti fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar və fiziki şəxsin imzası;
təsərrüfat subyekti hüquqi şəxs olduqda onun adı və hüquqi ünvanı, hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü;
ərizənin tərtib edildiyi tarix;
vəhşi heyvanın növü və sayı;
vəhşi heyvanın buraxılacağı ov yeri;
vəhşi heyvanın təbiətə buraxılacağı vaxt.
“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ovçular cəmiyyətlərinin ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsində vəzifələri aşağıdakılardır:
ovçuluq təsərrüfatlarının mühafizəsi və istifadəsi üzrə müəyyən olunmuş qaydalara əməl etmək;
vəhşi heyvanların sayca artması və ov obyektinə aid edilmiş vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılması üçün şərait yaradılmasına, onların yaşayış mühitinin qorunmasına və yaxşılaşmasına yönəldilən tədbirlər həyata keçirmək;
ovçuluq təsərrüfatlarında vəhşi heyvanların ayrı-ayrı növlərinin sayının və istifadəsinin ilkin uçotunun aparılmasını təşkil etmək və bu barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (bundan sonra – Nazirlik) məlumat vermək;
ovçuları müəyyən edilmiş normativ əsasında ov silahı üçün sursat ilə təmin etmək;
təbii fəlakət və digər səbəblər nəticəsində dağılmış və ya məhv olmuş ovçuluq təsərrüfatlarını bərpa etmək;
onlara təhkim olunmuş ərazilərdə brakonyerliyin qarşısını almaq üçün tədbirlər görmək;
heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.
“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ovçular cəmiyyətlərinin ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsində hüquqları aşağıdakılardır:
ovçuluq sahəsində dövlət proqramlarının, ovçuluq təsərrüfatlarının inkişafı və yerləşdirilməsi sxemlərinin hazırlanmasında iştirak etmək;
ovçuluq sahəsində normativ hüquqi aktların qəbul edilməsinə və ovçuluq təsərrüfatlarında vəhşi heyvanlardan istifadə limitlərinə dair Nazirliyə təkliflər vermək;
ovçuluq təsərrüfatının beynəlxalq standartlara uyğun təşkil edilməsi və respublika və ya yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının təşkili və ləğv edilməsi barədə Nazirliyə təkliflər vermək;
ovçuluq təsərrüfatlarında ovçuluğu təşkil etmək;
ovçuları cəmiyyətə üzv qəbul etmək və üzv olması barədə onlara üzvlük bileti vermək;
hər il üçün ovçular cəmiyyətinə üzv olan ovçulardan üzvlük haqqının vaxtında ödənilməsini tələb etmək;
qanunvericiliklə müəyyən edilmiş qaydada ov silahı, atıcılıq sursatı, ovçuluq-balıqçılıq ləvazimatı, idman inventarı və digər ovçuluq əşyalarının satışını təşkil etmək;
həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov alətlərinin (ov silahı və onun üçün sursat istisna olmaqla) istehsalını təşkil etmək;
ovçuluq təsərrüfatlarının işinin təkmilləşdirilməsi, bu sahədə təcrübənin artırılması məqsədilə seminar-treninqlərin və digər tədbirlərin keçirilməsini təşkil etmək;
ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsi istiqamətində beynəlxalq və qabaqcıl təcrübələrin mediada təbliğ edilməsi işində iştirak etmək;
ovçuluq təsərrüfatında vəhşi heyvanların təbii və süni artmasına, onların yaşayış mühitinin qorunmasına və yaxşılaşmasına yönəldilən kompleks tədbirlərdə iştirak etmək;
ovçuluğun və ovçuluq təsərrüfatının aparılmasında heyvanlar aləmi obyektlərindən istifadə üzrə müəyyən olunmuş qaydalara, normalara, limitlərə və müddətlərə əməl edilməsində iştirak etmək;
ovçuluğun və ovçuluq təsərrüfatının aparılmasında vəhşi heyvanların yaşadıqları ərazilərdə həyat tərzlərinin sabitliyini pozmayan və ovlanmasına icazə verilməyən heyvan növlərinin qorunmasını təmin edən üsulların tətbiqində iştirak etmək;
ovçuluğun və ovçuluq təsərrüfatının aparılmasında vəhşi heyvanlar xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, məhv olma təhlükəsi yarandıqda və tələf olması hallarında xəstəliklərin profilaktikası və ləğvi üzrə keçirilən kompleks tədbirlərdə iştirak etmək;
ovçuluq təsərrüfatında sərhəd nişanlarının qoyulması, nəzarət-buraxılış məntəqələrinin yaradılması və işinin müvafiq qaydada təşkil edilməsinə dair təkliflər vermək;
ovçuluq təsərrüfatında vəhşi heyvanların sayının və istifadəsinin ilkin uçotunun aparılmasında, onların vəziyyətlərinin və yaşayış yerlərinin xüsusiyyətlərinin öyrənilməsində iştirak etmək;
ovçuluq təsərrüfatlarında biotexniki tədbirlərin və təbii bərpa işlərinin həyata keçirilməsinə dair təkliflər vermək və onun həyata keçirilməsində iştirak etmək;
heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulan digər hüquqları həyata keçirmək.
Ayrı-ayrı yırtıcı heyvan növlərinin vurulması barədə Nazirliyə hüquqi və fiziki şəxslər tərəfindən yazılı və ya elektron ərizə vasitəsilə müraciət edilir. Təqdim edilən ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:
ərizəçinin müraciət etdiyi inzibati orqanın adı;
ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar və fiziki şəxsin imzası;
ərizəçi hüquqi şəxs olduqda onun adı və hüquqi ünvanı, hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü;
yırtıcı heyvanın vurulması səbəbi;
vurulması nəzərdə tutulan yırtıcı heyvanın növü;
yırtıcı heyvanın ovlanma yeri;
yırtıcı heyvanların ovlanma müddətləri.
Ərizə qeydə alınmaqla qəbul edilir və Nazirliyin Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının (bundan sonra - Şura) elmi rəyinin nəticəsindən asılı olaraq yırtıcı heyvanın vurulması (müddət göstərilməklə) və ya yırtıcı heyvanın tələ vasitəsilə tutularaq və yaxud sakitləşdirici, refleksinin müvəqqəti itirilməsi üçün iynələrin vurulması üsulu ilə ərazidən çıxarılaraq təbiətə buraxılması barədə Şura tərəfindən qərar qəbul edilir.”
Nazirlik tərəfindən verilən ovçuluq bileti aşağıdakı kimidir:
ovçuluq biletinin cildi yaşıl rəngdə olur və ölçüləri 6,5 x 10,0 sm təşkil edir;
ovçuluq biletinin üz qabığının yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir olunur və onun altında “AZƏRBAYCAN RESPUBLİKASININ EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ” sözləri yazılır;
ovçuluq biletinin üz qabığının orta hissəsində “OVÇULUQ BİLETİ” sözləri yazılır;
ovçuluq biletinin içərisinin birinci səhifəsinin yuxarı hissəsində “AZƏRBAYCAN RESPUBLİKASININ EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ” sözləri yazılır;
ovçuluq biletinin birinci səhifəsinin aşağı sol hissəsində ovçuluq bileti alan şəxsin 3 x 4 ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulur;
ovçuluq bileti alan şəxsin fotoşəklinin sağ hissəsində ardıcıl olaraq ovçuluq bileti alan şəxsin soyadı, adı, atasının adı və ünvanı göstərilir;
ovçuluq biletinin ikinci səhifəsinin orta hissəsində ovçuluq biletinin nömrəsi, verildiyi tarix, qeydiyyat nömrəsi, Nazirliyin səlahiyyətli şəxsinin vəzifəsi, imzası və möhür yeri göstərilir;
ovçuluq biletinin üçüncü səhifəsində ovçuluğun minimum üzrə sınağı verməsi barədə qeydlər göstərilir;
ovçuluq biletinin dördüncü - yeddinci səhifələrində ovçuya məxsus ov silahı haqqında qeydlər göstərilir;
ovçuluq biletinin səkkizinci səhifəsində ov hüququnun məhdudlaşdırılmasına dair qeydlər göstərilir.
Ovçuluq biletini almaq üçün Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər tərəfindən Nazirliyə və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə yazılı və ya elektron ərizə vasitəsilə müraciət edilir. Təqdim edilən ərizədə aşağıdakı məlumatlar göstərilməli və sənədlər əlavə edilməlidir:
fiziki şəxsin müraciət etdiyi inzibati orqanın adı;
fiziki şəxsin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar və imzası;
ərizənin tərtib edildiyi tarix;
ov silahının saxlanması, gəzdirilməsi və istifadəsi hüququnu təsdiq edən şəhadətnamənin surəti;
şəxsiyyət vəsiqəsinin surəti;
3x4 ölçüdə iki ədəd fotoşəkil.
Ərizəyə Nazirlikdə və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində qeydiyyata düşdüyü gündən 10 (on) iş günü müddətində baxılaraq ovçuluğun 8 minimum üzrə sınağı keçirilir və ovçuluq bileti həmin sınağın nəticəsindən asılı olaraq verilir.
Bu Qayda ilə müəyyən edilən komissiya tərəfindən minimum sınağın keçirilməsi məqsədilə ovçuluq bileti almaq istəyən şəxsin heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmiş vəhşi heyvan növləri barədə zəruri bilikləri komissiyanın müəyyən etdiyi qaydada yoxlanılır.
Ovçuluq biletinin verilməsindən aşağıdakı hallarda imtina edilir:
ərizəçinin 18 yaşı tamam olmadıqda;
ərizəçi məhdud fəaliyyət qabiliyyətli və fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda;
ərizədə və ona əlavə olunmuş sənədlərdə (məlumatlarda) səhv və ya təhrif olunmuş məlumatlar olduqda; 4.4.4. ərizəçi ovçuluğun minimum üzrə sınağından keçmədikdə;
ov silahından istifadəyə dair verilən icazənin və silahın respublika ərazisində saxlama müddətləri bitdikdə;
heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulan digər hallarda.
Ovçuya ov etmək üçün icazə Nazirliyə yazılı və ya elektron ərizə vasitəsilə etdiyi müraciət əsasında verilir.
Təqdim edilən ərizədə aşağıdakı məlumatlar göstərilməli və sənədlər əlavə edilməlidir:
fiziki şəxsin müraciət etdiyi inzibati orqanın adı;
fiziki şəxsin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar və imzası;
ərizənin tərtib edildiyi tarix;
ovçuluq biletinin nömrəsi;
ovun vaxtı; 2.3.6. ov obyektinin növü;
ovlama üsulu;
ovlama yeri;
ov alətləri barədə məlumatlar;
şəxsiyyət vəsiqəsinin surəti;
ovçuluq biletinin surəti;
ov silahının (odlu və ya soyuq) istifadəsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən icazə və silahın respublika ərazisində saxlanma müddəti.
İcazədə aşağıdakılar göstərilir:
ov obyektinin növü;
ovlama üsulu; ovlama yeri;
ovlama norması (sayı);
ovun vaxtı;
ova icazənin müddəti və şərtləri.
İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (bundan sonra – ərizəçi) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra – Nazirlik) yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti (bundan sonra – Xidmət) tərəfindən verilən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir.
İcazə almaq üçün ərizəçi Xidmətə şəxsən və ya nümayəndəsi (bundan sonra - nümayəndə) vasitəsilə yazılı və ya elektron ərizə vasitəsilə müraciət edir. Xidmətə təqdim edilən ərizədə aşağıdakı məlumatlar göstərilməli və sənədlər əlavə edilməlidir:
ərizəçinin (və ya nümayəndənin) müraciət etdiyi inzibati orqanın adı;
əriəzçinin və ya nümayəndənin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar və imzası;
ərizənin tərtib edildiyi tarix;
ərizəçinin (və ya nümayəndənin) şəxsiyyətini təsdiq edən sənədin surəti;
nümayəndənin səlahiyyətini təsdiq edən sənədin surəti;
ərizəçinin ovçuluq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənədin və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
ov silahının (odlu və ya soyuq) istifadəsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən icazə və silahın respublika ərazisində saxlanma müddəti;
ovun vaxtı;
ov obyektinin növü;
ovlama üsulu; ovlama yeri;
ov alətləri barədə məlumatlar.
İcazədə aşağıdakılar göstərilir:
ov obyektinin növü;
ovlama üsulu;
ovlama yeri;
ovlama norması (sayı);
ovun vaxtı;
ova icazənin müddəti və şərtləri.