Bakı. Trend:
Azərbaycanda dövlət dəstəkli aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır. Müxtəlif hadisələrdən zərər çəkmiş təsərrüfatlara sığorta ödənişləri davam etdirilir. Bu çərçivədə Ağcabədi, Samux və Goranboy rayonlarında meyvə bağları, taxıl sahələri və mal-qara üzrə ödənişlər edilib.
Aqrar Sığorta Fondundan Trend-ə verilən məlumata görə, Ağcabədi rayonunda fermer Həbib Hüseynova məxsus alça bağında dolu vurması nəticəsində baş verən sığorta hadisəsi üzrə təsərrüfata 17 870 manat məbləğində sığorta ödənişi edilib.
Goranboy rayonunda Rəhibli kəndində fermer Sadiq Abdullayevə məxsus arpa əkini sahəsinə sel-subasma hadisəsi nəticəsində dəyən zərər üzrə 13 791 manat sığorta ödənişi həyata keçirilib.
Eyni zamanda Goranboy rayonunda fermer Nadir Həsənova məxsus alça bağına fırtına hadisəsi nəticəsində dəyən zərər üzrə 17 012 manat məbləğində ödəniş həyata keçirilib.
Samux rayonunda isə fermer İlkin Mirzəyevə məxsus iribuynuzlu mal-qaranın yoluxucu xəstəlik nəticəsində tələf olması üzrə fermerə 3600 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
"Sığorta ödənişi tədbiri çərçivəsində Goranboy rayonunun Rəhimli kəndində fermerlərlə görüş keçirilib, Aqrar Sığorta Fondunun nümayəndələri yerli sakinlərə aqrar sığorta, onun üstünlükləri, aqrar sığorta şərtləri, aqrar sığortanın əhatə etdiyi məhsullar və təminat verdiyi risklər barədə geniş məlumat veriblər.
Heyvanlarını və əkin sahələrini sığorta etmək istəyən fermerlər Aqrar Sığorta Fondunun yerli filiallarına və 1651 Çağrı mərkəzinə müraciət edə, sığorta tariflərini isə Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi səhifəsində, Sığorta kalkulyatorları bölməsindən özləri hesablaya bilərlər", - deyə məlumatda qeyd olunub.