Bakı. Trend:
Yanvarın 16-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.
Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, müşavirədə giriş nitqi ilə çıxış edən Kamran Əliyev müasir və müstəqil Azərbaycanın qurucusu Ümummilli lider Heydər Əliyevin 1969-cu ildən etibarən korrupsiya kimi neqativ tendensiyaların yolverilməzliyini bəyan etməsini və ona qarşı qətiyyətlə mübarizə aparmasını diqqətə çatdırmaqla yanaşı korrupsiyaya qarşı mübarizənin müstəsna dərəcədə vacibliyinin daim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarında xüsusi vurğulanmasının, habelə bu istiqamətdə hüquq münasibətlərini tənzimləyən normativ bazanın müntəzəm olaraq təkmilləşdirilməsinin mövcud siyasi iradənin göstəricisi olmaqla effektiv icraetmənin qarantı olduğunu bildirmişdir.
Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə sosial sahədə həyata keçirilən bir sıra islahatlar ölkə vətəndaşlarının rifahının və həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, eyni zamanda qeyd edilən sahədə korrupsiya hallarına son qoyulması ilə nəticələnmişdir. Hazırda fəaliyyət göstərməklə bir sıra dünya ölkələrinin diqqətini üzərinə cəmləşdirmiş və dünyada Azərbaycan məhsulu kimi qəbul edilmiş “ASAN xidmət” və “DOST” mərkəzlərinin uğurlu fəaliyyətləri bu mənada xüsusi ilə vurğulanmışdır.
Bununla yanaşı, Baş prokuror tərəfindən xüsusi vurğulanmışdır ki, qiyabi icraat və üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi kimi mütərəqqi hüquqi institutların cinayət-prosessual qanunvericiliyinə əlavə edilməsi, habelə digər normativ hüquqi aktların günün tələbinə uyğun olaraq təkmilləşdirilməsi ölkədə cinayətkarlığa və onun ən təhlükəli təzahürlərindən olan korrupsiya hallarına qarşı təsirli mexanizm formalaşdırmaqdadır.
Eləcə də, prokurorluq orqanlarının da korrupsiyaya qarşı mübarizə siyasətinin subyektlərindən biri kimi onun səmərəli icrası üçün sərgilədiyi aktiv mövqeyə toxunan Kamran Əliyev qurum tərəfindən əsas fəaliyyət istiqamətlərindən əlavə milli qanunvericiliyin tətbiqi vəziyyətinin vətəndaş müraciətləri, habelə istintaq təcrübəsində müşahidə edilən tendensiyalarla əlaqəli şəkildə mütəmadi təhlil edildiyini bildirmişdir.
Qeyd edilmişdir ki, aparılmış təhlillərin nəticələrindən asılı olaraq bir çox məqamlarda prokuror təsir tədbirləri tətbiq edilmiş, milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması üçün cinayət təqibinin rəqəmsallaşdırılması, maraqlar toqquşmasının qarşısının alınması, əmlakın bərpası və digər sahələrdə normativ hüquqi akt layihələri hazırlanaraq baxılması üçün aidiyyəti orqanlara təqdim olunmuşdur.
O da diqqətə çatdırılmışdır ki, yeni dövr islahatlarının mahiyyətinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli Fərmanında təsbit edilməklə 2022-ci il 3 mart tarixli digər Fərmanla Əsasnaməsi təsdiqlənmiş “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti digər dövlət orqanlarının informasiya sistemlərinin inteqrasiyası və optimallaşdırıcı modulların əlavə edilməsi yolu ilə təkmilləşdirilməklə müasir informasiya-kommunikasiya texnologiyalarının prokurorluq orqanlarında tətbiqi prosesi sürətlənmiş, bu göstərici isə öz növbəsində korrupsiyaya qarşı mübarizədə xüsusi əhəmiyyət kəsb edən şəffaflıq və hesabatlılıq meyarlarını daha da möhkəmləndirmişdir.
Baş prokuror korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın önəmindən, bu sahədə mövcud beynəlxalq təcrübənin Baş İdarənin əməkdaşları tərəfindən mənimsənilməsi zərurətindən bəhs edərkən qeyd etmişdir ki, digər beynəlxalq təşkilatlarla yanaşı BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi (UNODC) ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qarşılıqlı əməkdaşlıq sahəsində fəaliyyəti uğurla davam etdirilməkdədir. Belə ki Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində 2024-cü ilin 24-27 sentyabr tarixlərində baş tutmuş Şəbəkənin 5-ci Plenar Görüşündə həmin təşkilatın 15 üzvdən ibarət icraiyyə komitəsinə keçirilmiş seçkilər nəticəsində Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov idarəçilik orqanına üzv təyin edilmiş, bundan əlavə Şəbəkənin İdarə Komitəsinin 10-cu və Plenar görüşünün 6-cı iclaslarının 2025-ci ilin 19-23 may tarixlərində Bakı şəhərində keçirilməsi qərara alınmışdır.
Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Azərbaycan
Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov
hesabat dövrü ərzində Baş İdarədə baxılmış müraciətlər, cinayət
xarakterli məlumatlar, həyata keçirilmiş əməliyyat və qabaqlayıcı
tədbirlər, onların müsbət nəticələri, beynəlxalq təşkilatlar və
qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq, Baş İdarədə
başlanmış, ibtidai istintaqı tamamlanmış və məhkəmələrə göndərilmiş
cinayət işləri, istintaq zamanı vurulmuş ziyanın ödənilməsi ilə
əlaqədar görülmüş tədbirlər barədə olan statistik məlumatları
müqayisəli şəkildə təhlil etməklə müşavirə iştirakçılarının
diqqətinə çatdırmışdır.
Bildirilmişdir ki, qeyd olunan dövrdə Baş İdarə tərəfindən
vətəndaşların 10296 müraciətinə baxılmışdır.
Bundan başqa, əlaqəli dövlət qurumları ilə birgə yerinə yetirilmiş
tədbirlər nəticəsində vətəndaşlar tərəfindən “161-Qaynar xətt”
əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən böyük əksəriyyətinin
müsbət həll edilməsi təmin edilmiş, zəruri hallarda cinayət-hüquqi
tədbirlər görülmüşdür.
Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı
tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya
cinayətlərinə şərait yaradan halların aradan qaldırılması və
gələcəkdə bir daha törədilməməsi üçün prokuror təsir tədbirləri
qismində müxtəlif qurumlara 185 təqdimat göndərilmişdir. Həmin
təqdimatlara əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb
edilmiş və bu kimi digər zəruri tədbirlərin görülməsi təmin
olunmuşdur.
Bununla yanaşı, müvafiq dövr ərzində Baş İdarədə 1049 vətəndaşın
qəbul edilməsi təmin edilmişdir.
Qeyd edilən müddət ərzində Baş İdarədə 381 müraciət və digər
məlumatlara cinayət xarakterli material kimi baxılmış, 314 material
üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri
başlanmış, 67 material üzrə isə vurulmuş maddi ziyan məbləğlərinin
ödənilməsi də nəzərə alınmaqla cinayət işinin başlanmasının rədd
edilməsi haqqında qərarlar qəbul edilmiş və digər prokuror təsir
tədbirləri tətbiq edilmişdir.
Əməliyyat qurumları tərəfindən 170 cinayət işi başlanılmış,
keçirilmiş 42 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya
cinayəti törədən 43 şəxs cinayət başında yaxalanmış, habelə bu
qəbildən cinayətlərin törədilməsi ilə bağlı axtarışda olan 8 nəfər
saxlanılmışdır.
Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 226 şəxs barəsində 158
cinayət işi baxılması üçün məhkəmələrə göndərilmişdir. Məhkəmələrə
göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham
hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə
baxışındadır.
İstintaqı tamamlanmış cinayət işlərindən 111 şəxs barəsində 67
iş ağır cinayətlər məhkəmələrinə, 5 şəxs barəsində 3 iş hərbi, eyni
zamanda 110 şəxs barəsində 88 cinayət işi isə rayon (şəhər)
məhkəmələrinə göndərilmişdir.
Hesabat ili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə
ümumilikdə özgə əmlakına vurulmuş 131 milyon 365 min 409 manat
məbləğində maddi ziyandan 50 milyon 394 min 439 manatının, o
cümlədən icraatına xitam verilmiş cinayət işləri üzrə özgə əmlakına
vurulmuş 19 milyon 726 min 167 manat məbləğində maddi ziyanın tam
olaraq ödənilməsi təmin olunmuşdur.
Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət
işləri üzrə 31 milyon 930 min 592 manat məbləğində əmlak üzərinə
həbs qoyulması təmin olunmuşdur.
Hesabat dövrü ərzində Baş İdarənin fəaliyyətinin və antikorrupsiya
qanunvericiliyinin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq
təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm tədbirlər
həyata keçirilmişdir.
Ümumilikdə ötən illər ərzində görülmüş işlərin nəticəsi kimi Avropa
Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun
Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin
Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) və İqtisadi
Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi
Asiya üzrə Anti-korrupsiya Şəbəkəsi də daxil olmaqla beynəlxalq
təşkilatların hesabatlarında ölkəmizdə bu istiqamətdə həyata
keçirilən bir sıra tədbirlər müsbət dəyərləndirilmişdir.
Dövlət Başçısının fəaliyyətinin prioritet istiqamətlərindən olan
korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə beynəlxalq
əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının
əhəmiyyətini nəzərə almaqla bu sahədə ixtisaslaşmış beynəlxalq
təşkilatlarla və digər dövlətlərin müvafiq orqanları ilə əlaqələrin
qurulmasına, habelə daha da inkişaf etdirilməsinə xüsusi diqqət
yetirilmişdir.
Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev
hesabat və məruzədə qeyd edilən göstəricilərə münasibət bildirməklə
yanaşı vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması,
“161-Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinin daha da
təkmilləşdirilməsi, mərkəzə daxil olan hər bir vətəndaş müraciətinə
həssas yanaşılması, korrupsiya faktlarının artımı müşahidə edilən
sahələrin müəyyən edilməsi məqsədilə aparılan təhlillərin davam
etdirilməsi, bu cür halların qarşının alıması yönəlik önləyici
tədbirlərin icrası, korrupsiyaya qarşı mübarizə sahəsində effektiv
nəticələrin əldə edilməsi üçün digər hüquq mühafizə orqanları ilə
əlaqəli fəaliyyətin davam etdirilməsi, əməliyyat-axtarış
tədbirlərinin həyata keçirilməsinin diqqətdə saxlanılması, vurulmuş
maddi ziyanların ibtidai istintaq dövründə ödənilməsinin təmin
edilməsi, əmlakın bərpası, qətimkan tədbirlərinin səmərəli tətbiqi
kimi məsələlərin diqqətdə saxlanılması, nüfuzlu beynəlxalq
təşkilatlarla qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da
genişləndirilməsi, xidməti, icra və əmək intizamının
möhkəmləndirilməsi sahəsində işlərin səmərəliliyinin daha da
artırılması istiqamətində öz tapşırıq və tövsiyələrini
vermişdir.