Bakı. Trend:
Azərbaycanda 2025-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il yanvar ayının 1-i vəziyyətinə 941,7 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, səpin aparılmış sahənin 99 faizini və yaxud 932,2 min hektarını dən üçün payızlıq bitkilər təşkil etdib ki, onun da 505,5 min hektarı buğda, 426,6 min hektarı arpa, 0,1 min hektarı isə çovdar əkinlərinin payına düşür.
Məlumata əsasən, ən çox buğda bitkisi Cəlilabad (47,0 min ha), Şamaxı (28,0 min ha), Füzuli (25,2 min ha), Hacıqabul (23,2 min ha), Şəki (21,9 min ha), Ağcabədi (21,0 min ha), İsmayıllı (20,1 min ha) və Qobustan (14,3 min ha) rayonlarında, ən çox arpa bitkisi Şəki (38,1 min ha), Kürdəmir (33,6 min ha), Neftçala (26,6 min ha), Biləsuvar (24,1 min ha), Ağsu (19,6 min ha), Qobustan (14,8 min ha) və Cəlilabad (13,4 min ha) rayonlarında səpilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 8,2 faiz, o cümlədən buğdanın səpin sahəsi 15,5 faiz azalmış, arpanın səpin sahəsi isə 2,3 faiz artıb.