Bakı. Trend:
Müasir dünyada qlobal ticarət axınlarının səmərəli təşkili üçün gömrük xidmətlərinin əlaqələndirilməsinin gücləndirilməsi, vahid standartların və müasir texnologiyaların tətbiqi vacibdir.
Trend xəbər verir ki, bunu bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Türkdilli Dövlətlər Təşkilatına (TDT) üzv ölkələrin gömrük xidmətləri rəhbərlərinin X iclasında çıxışı zamanı deyib.
"Türk dövlətlərinin gömrük xidməti rəhbərlərinin X görüşü ticarətin asanlaşdırılması, regional təşəbbüslərin gücləndirilməsi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Gömrük prosedurlarının əlaqələndirilməsi və tranzit marşrutlarının optimallaşdırılması türk dövlətlərinin iqtisadi potensialının reallaşdırılması və regional inkişafın sürətləndirilməsi üçün yeni imkanlar açır. Mühüm layihələrdən biri də regionda ticarətin genişləndirilməsi və iqtisadi əlaqələrin gücləndirilməsi üçün strateji əhəmiyyət kəsb edən sadələşdirilmiş gömrük dəhlizidir", - o bildirib.
Onun sözlərinə görə, gömrük xidməti tərəfindən təklif olunan “tək pəncərə” prinsipinin tətbiqi yolu ilə beynəlxalq Trans-Xəzər Şərq-Qərb dəhlizi boyunca tranzit gömrük prosedurlarının sadələşdirilməsi layihəsi mühüm addımdır.
"Bu layihə malların və nəqliyyat vasitələrinin dəhliz üzrə vahid bəyannamə əsasında hərəkətinə, məlumatların elektron şəkildə mübadiləsinə və tranzit sənədi kimi əvvəlcədən təqdim edilmiş gömrük tranzit bəyannaməsindən istifadə etməyə imkan verir. İnanırıq ki, bu, ticarət proseslərinin daha səmərəli və sadələşdirilmiş təşkilinə, eləcə də, regionun logistik potensialının artırılması kimi mühüm məqsədlərə nail olunmasına töhfə verəcək.
Müasir dövrdə gömrük xidmətlərinin avtomatlaşdırılması, elektron sənəd dövriyyəsi sistemlərinin və rəqəmsal nəzarət mexanizmlərinin tətbiqi sərhəd-keçid prosedurlarının sürətləndirilməsinə, qeyri-qanuni ticarətin qarşısının alınmasına və ticarət proseslərinin şəffaflığının artırılmasına mühüm töhfə verir. Bu kontekstdə elektron plomblar və GPS əsaslı izləmə sistemləri xüsusi əhəmiyyət kəsb edir. Bu texnologiyalar həm yükdaşımaların təhlükəsizliyini təmin edir, həm də tranzit proseslərinin etibarlı və səmərəli izlənməsinə imkan verir. Yüklərin hərəkətini real vaxt rejimində izləməyə imkan verən sistemlər treyderlər arasında inam yaradır və qeyri-qanuni müdaxilənin qarşısını alır", - Ş.Bağırov əlavə edib.