Füzuli. Trend:
Bakıda keçirilmiş COP29 tədbiri çərçivəsində “Azərişıq” ASC Çinin "DongFang Electronics" şirkəti ilə yeni qarşılıqlı əlaqələr və əməkdaşlıq məqsədli danışıqlar aparıb.
Trend xəbər verir ki, görüşün məqsədi davam edən əməkdaşlıq çərçivəsində “Azərişıq” ASC-nin rəhbər heyətinin 2024-cü il dekabrın 5-də Çinin Yantay şəhərində yerləşən "DonqFang Electronics" şirkətinin təqdim etdiyi innovativ texnologiyalar, məhsullar və beynəlxalq layihələr barədə məlumatlandırılmasıdır.
"DonqFang Electronics" şirkəti "Ağıllı Şəbəkə" sistemlərinin yaradılması və idarə edilməsi sahəsində böyük təcrübəyə malik olmaqla, bu yöndə bir çox ölkələrdə uğurlu layihələr həyata keçirib.
Bundan başqa şirkət günəş panellərinin, enerji saxlama sistemlərinin və SCADA vasitəsilə idarəetmə həllərinin istehsalında ixtisaslaşıb. Bu sistemlərin tətbiqi ilə enerji istehlakında qənaət təmin olunur. Buna misal olaraq Ukraynada enerji saxlama deposu və Şandonq əyalətində 22 MVt gücündə günəş örtüyü panelləri layihələri uğurla reallaşdırılıb.
Səfər zamanı "DonqFang Electronics" şirkətinin istehsal müəssisələri ilə tanışlıq da həyata keçirilib. Burada amorf nüvəli üçbucaq tipli transformatorlar, yüksək dəqiqlikli hesabat sayğacları və kameralı sayğac qutuları nümayiş olunub. Smart sayğaclar xüsusi diqqət çəkib, çünki onlar müasir rabitə protokolları (RS, GPRS, PLC) ilə təchiz olunub və qaz, su, elektrik enerjisi üçün birgə sayğac funksiyası təklif edir.
Əməkdaşlığın davamı olaraq “Dongfang Electronics Corporation”ın rəhbər heyəti Bakıya səfər edib. 13-19 yanvar tarixlərini əhatə edən səfər çərçivəsində korporasiyanın Baş Direktor müavini Şitan Cao, Mərkəzi Asiya filialının direktoru Vei Liu, Baş menecerin məsləhətçisi Dmitri Jarovski və digər rəsmi şəxslərdən ibarət 9 nəfərlik heyət “Azərişıq” ASC-nin rəhbər şəxsləri ilə görüş keçirib. Bu əməkdaşlıq tərəflər arasında innovativ yeniliklər və təcrübə mübadiləsi məqsədi daşıyıb.
Bakıda keçirilən görüşlərdən sonra yanvarın 16-da qonaqlar
“Azərişıq” ASC-nin işğaldan azad olunmuş ərazilərdə apardığı
yenidənqurma, bərpa işləri ilə tanış olmaq üçün Füzuli, Hadruta
səfər ediblər.
Qısa zaman ərzində aparılan yenidənqurma işləri barəsində qonaqlara
ətraflı məlumat verilib. Səfər zamanı tərəflər arasında elektrik
təsərrüfatının müasir standartlara uyğun olaraq qurulması və yeni
əməkdaşlıqlar sahəsində təcrübə mübadiləsi aparılıb.
Qeyd edək ki, səfər yanvarın 17-si Şuşa şəhərində başa çatacaq.