Bakı. Trend:
Bakıda Türkdilli Dövlətlər Təşkilatının gömrük xidməti rəhbərlərinin sayca X iclası keçirilir.
Trend xəbər verir ki, toplantı çərçivəsində çoxsaylı sazişlərin bağlanacağı gözlənilir.
Xatırladaq ki, TDT-nin gömrük xidməti rəhbərlərinin sayca 9-cu iclası 2023-cü ilin dekabr ayında Özbəkistanın paytaxtı Daşkənddə keçirilmişdi.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib ki, Azərbaycanın təklif etdiyi və həyata keçirdiyi regional və beynəlxalq təşəbbüslər türk dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsində mühüm rol oynayır.
"Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşən Azərbaycanın strateji coğrafi mövqeyi ölkəmizi mühüm tranzit və logistika mərkəzinə çevirir", - o bildirib.
O qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi və beynəlxalq Orta Dəhliz marşrutu kimi infrastruktur layihələri Azərbaycanın tranzit potensialını gücləndirir və türk dövlətlərinin iqtisadi inteqrasiyasının dərinləşməsində mühüm rol oynayır.
"2024-cü il noyabrın 6-da Qırğızıstan Respublikasının Bişkek şəhərində TDT ölkələrinin dövlət başçılarının XI sammitində mühüm qərarlar qəbul edildi və biz onları ardıcıl olaraq həyata keçiririk. Bu istiqamətdə atılan mühüm addımlardan biri də Azərbaycanın təşəbbüsü - Orta Dəhlizdir.
Adıçəkilən layihələr təkcə türk dövlətləri arasında əlaqələrin inkişafına deyil, həm də Asiya ilə Avropa arasında yeni ticarət yollarının formalaşmasına töhfə verir ki, bu da öz növbəsində iqtisadi uğurların əldə edilməsinə və iştirakçı dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinə imkanlar yaradır", - DGK-nın sədri bildirib.
O qeyd edib ki, müasir dünyada qlobal ticarət axınlarının səmərəli təşkili üçün gömrük xidmətlərinin əlaqələndirilməsinin gücləndirilməsi, vahid standartların və müasir texnologiyaların tətbiqi vacibdir.
"Türk dövlətlərinin gömrük xidməti rəhbərlərinin X görüşü ticarətin asanlaşdırılması, regional təşəbbüslərin gücləndirilməsi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Gömrük prosedurlarının əlaqələndirilməsi və tranzit marşrutlarının optimallaşdırılması türk dövlətlərinin iqtisadi potensialının reallaşdırılması və regional inkişafın sürətləndirilməsi üçün yeni imkanlar açır. Mühüm layihələrdən biri də regionda ticarətin genişləndirilməsi və iqtisadi əlaqələrin gücləndirilməsi üçün strateji əhəmiyyət kəsb edən sadələşdirilmiş gömrük dəhlizidir", - o bildirib.
Onun sözlərinə görə, gömrük xidməti tərəfindən təklif olunan “tək pəncərə” prinsipinin tətbiqi yolu ilə beynəlxalq Trans-Xəzər Şərq-Qərb dəhlizi boyunca tranzit gömrük prosedurlarının sadələşdirilməsi layihəsi mühüm addımdır.
"Bu layihə malların və nəqliyyat vasitələrinin dəhliz üzrə vahid bəyannamə əsasında hərəkətinə, məlumatların elektron şəkildə mübadiləsinə və tranzit sənədi kimi əvvəlcədən təqdim edilmiş gömrük tranzit bəyannaməsindən istifadə etməyə imkan verir. İnanırıq ki, bu, ticarət proseslərinin daha səmərəli və sadələşdirilmiş təşkilinə, eləcə də, regionun logistik potensialının artırılması kimi mühüm məqsədlərə nail olunmasına töhfə verəcək.
Müasir dövrdə gömrük xidmətlərinin avtomatlaşdırılması, elektron sənəd dövriyyəsi sistemlərinin və rəqəmsal nəzarət mexanizmlərinin tətbiqi sərhəd-keçid prosedurlarının sürətləndirilməsinə, qeyri-qanuni ticarətin qarşısının alınmasına və ticarət proseslərinin şəffaflığının artırılmasına mühüm töhfə verir. Bu kontekstdə elektron plomblar və GPS əsaslı izləmə sistemləri xüsusi əhəmiyyət kəsb edir. Bu texnologiyalar həm yükdaşımaların təhlükəsizliyini təmin edir, həm də tranzit proseslərinin etibarlı və səmərəli izlənməsinə imkan verir. Yüklərin hərəkətini real vaxt rejimində izləməyə imkan verən sistemlər treyderlər arasında inam yaradır və qeyri-qanuni müdaxilənin qarşısını alır", - Ş.Bağırov əlavə edib.
Türkdilli Dövlətlər Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev bildirib ki, Türkdilli Dövlətlər Təşkilatının logistika mərkəzləri və yükdaşıyıcılarının əməkdaşlığı çərçivəsində gələn ilin may ayında Özbəkistanda multi-modal nəqliyyat forumunun təşkili planlaşdırılır.
“Logistika mərkəzləri və yükdaşıyıcılarının əməkdaşlığı çərçivəsində biz gələn ilin may ayında Özbəkistanda multi-modal nəqliyyat forumunu təşkil etməyi planlaşdırırıq. Biz səmimi qəlbdən sizi bu vacib hadisədə iştirak etməyə çağırırıq”, - deyə o bildirib.
TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev bildirib ki, Türkmənistan Türkdilli Dövlətlər Təşkilatının (TDT) üzv dövlətləri arasında elektron icazələr sisteminə qoşulmağa hazırlaşır.
“Trans-sərhəd ticarət yarışı, nəqliyyat xərclərinin artımı, uzun sürən sənəd yoxlanışları, çətin gömrük və tranzit prosedurları kimi qlobal çağırışlar şəraitində, bu kimi problemlərin həlli bizim regionun iqtisadi dayanıqlılığı və inkişafı baxımından həyati əhəmiyyət daşıyır.
Bizim “Türk dünyası 2040 vizyonu” adlı strateji sənədimizə uyğun olaraq, TDT Orta dəhliz boyunca üzv dövlətlərin gömrük və ticarət proseslərini sadələşdirməyə səy göstərir. Bizim üzv dövlətlərin mühüm nailiyyətlərinə misal kimi 2022-ci ildə UNICEF-lə əməkdaşlıq çərçivəsində Özbəkistan və Azərbaycan arasında TIR elektron sisteminin uğurlu fəaliyyətini göstərmək olar. Biz TDT regionunun TIR elektron sisteminin gerçəkləşməsində lider olmasına can atırıq”, - deyə o bildirib.
Ömüralıyev qeyd edib ki, bir təşkilat olaraq TDT tam olaraq üzv dövlətlər, UNICEF və IRU ilə əməkdaşlıq çərçivəsində bu təşəbbüsün dəstəklənməsi və inkişaf etdirilməsi üzrə götürdüyü öhdəliklərə tam olaraq sadiqdir.
“Biz üzv dövlətlərimiz arasında elektron icazələri sisteminin genişləndirilməsi üzərində aktiv işləyirik. Türkmənistan da bu təşəbbüsə qoşulmağa hazırlaşır ki, bu da öz növbəsində əlaqələri möhkəmləndirəcək və türk dövlətləri arasında regional inteqrasiyanı daha da dərinləşdirəcək. Ötən il biz “YURTA” adı altında Türk regionunda beynəlxalq avtodaşıyıcı assosasiyalarının İttifaqını, həmçinin, Türk dövlətlərinin logistika mərkəzlərinin və yükdaşıyıcılarının Alyansını yaratmışıq”, - deyə baş katib bildirib.
Xəbər yenilənəcək