Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanına ilə ölkədə ilk dəfə olaraq sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyanın verilməsinə başlanılıb.
Bu barədə Trend-ə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondundan (Fond) məlumat verilib.
Qeyd olunub ki, 31 dekabr 2024-cü il tarixinə Fondun təqdim etdiyi zəmanət hesabına müvəkkil banklar tərəfindən sahibkarlara 549,5 milyon manat məbləğində kreditlərin verilməsi təmin olunub. Ötən il ərzində müvəkkil banklar tərəfindən 118,6 milyon manat həcmində kredit verilib.
Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması və ödəniş yükünün azaldılması məqsədilə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Fond tərəfindən 2018-2024-cü illərdə sahibkarlıq kreditlərinə hesablanmış faizlərə görə 47,4 milyon manat məbləğində subsidiya verilib.
Zəmanət verilmiş kreditlər üzrə banklar tərəfindən müəyyənləşən orta faiz dərəcəsi 14.4% olduğu halda, subsidiya hesabına borcalanlar tərəfindən 6.2% həcmində faiz ödənilib.
Zəmanət verilmiş kreditlər əsasən iqtisadiyyatın turizm və ictimai iaşə, ticarət, tikinti və kənd təsərrüfatı, sənayə sektorlarına, eləcə də, sənaye məhsullarının istehsalı və emalı, qida sənayesi məhsullarının, habelə maşın və avadanlığın istehsalına yönəldilib.
Verilən kreditlər hesabına maliyyələşən biznes layihələri çərçivəsində 6,5 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulub.