Bakı. Trend:
MDB ölkələrinin lll Oyunlarının keçirilməsi ilə bağlı Yevlax rayonunda müvafiq işlər start götürüb.
Trend-in əldə etdiyi məlumata görə, rayonda sözügedən tədbirin keçirilməsi ilə bağlı Olimpiya İdman Kompleksinin ərazi daxili drenaj şəbəkəsinin tikinti-quraşdırma işləri aparılacaq.
Məlumata görə, artıq bununla bağlı Gənclər və İdman Nazirliyi rayonda qeyd olunan işlərin həyata keçirilməsini “Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkətə 186,6 min manat ödənilib.
Qeyd edək ki, bu il Azərbaycan MDB ölkələrinin lll Oyunlarının keçirilməsinə ev sahibliyi edəcək. Bunun üçün 14 şəhər seçilib və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir.
Müstəqil Dövlətlər Birliyi ölkələrinin idman yarışları ilk dəfə 2021-ci ildə Rusiyanın Kazan şəhərində keçirilib. İkinci oyunlar 2023-cü ildə Belarusun paytaxtı Minskdə olub. Minskdə keçirilən oyunlara MDB ölkələrindən başqa İran, Misir, Vyetnam, Monqolustan, Kuba idmançıarı da qatılıb.