Bakı. Trend:
Mərhum aktrisa Çimnaz Sultanovanın ölümünə səbəb olan xəstəliyi ilə bağlı bəzi detallar məlum olub.
Bu barədə Trend-ə Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsinin şöbə müdiri Günay Kazımova bildirib ki,15.01.1980-ci il təvəllüdlü Heybətova Çimnaz Mütəllim qızı (Çimnaz Sultanova) dəfələrlə Bakı Sağlamlıq Mərkəzində 2021-ci ildən etibarən (4 il ərzində) altı dəfə tibbi xidmət alıb. 2021-ci ilin mart, iyul aylarında, 2023-cü ilin iyul ayında, 2024-cü ilin aprel, oktyabr və noyabr aylarında stasionar cərrahi müalicədə olub.
"İlk müraciət etdikdə qarın boşluğunun böyük ölçülü törəməsi səbəbindən bağırsaq keçməməzliyi diaqnozu ilə qəbul edilib. Böyük ölçülü törəmənin kəsilib götürülməsi, bağırsaq keçməməzliyinin ləğvi əməliyyatı icra edilib. Patohistoloji müayinə zamanı “Leyomiosarkoma” təsdiq edilib. Xəstə kafi vəziyyətdə evə yazılıb və onkoloqun nəzarətinə göndərilib. Onkoloji mərkəzdə radioterapiya qəbul eıdib. Növbəti dövrlərdə eyni xəstəliyin qarın boşluğunun müxtəlif orqanlarına metastazı, bağırsaq keçməməzliyi, kəskin qarın əlamətləri ilə müraciət edib və cərrahi müalicələr alıb. Əməliyyatdan sonra hər dəfə onkoloqun nəzarətinə göndərilib. İkinci əməliyyatından sonra da kimyaterapiya qəbul edib. Sonuncu müraciətində qalça bağırsağının müsariqəsindən inkişaf edən bağırsaq mənfəzini tam tutan, bağırsaq keçməməzliyi yaradan “Qalça bağırsaq müsariqəsinin leyomiosarkoması Grade IV, Qaraciyər, sidik kisəsi, düz bağırsaq, nazik bağırsaq müsariqəsi və peritona metastaslar” diaqnozu ilə stasionar cərrahi müalicədə olunub. Əməliyyatdan sonra xəstə kafi vəziyyətdə evə yazılıb. Son günlərdə klinikamıza müraciət etməyib".
"Xəstə özü və xəstəliyi barəsində məlumatların konfidensiallığının qorunmasını tələb edib. Biz rəsmi araşdırmalarının aparılması və müvafiq ekspertizanın keçirilməsinə hazırıq",- o əlavə edib.