Bakı. Trend:
Azərbaycanın D-8-ə üzv seçilməsi bir tərəfdən ölkəmizin uğurlarının dünya, xüsusilə islam ölkələri tərəfindən qəbul olunması, bu uğurlar hesabına Azərbaycanın etimad qazanması və ona etibar olunması, digər tərəfdən də birliyin genişlənməsinə dair qərarın verilməsindən sonra ilk üzv kimi qəbul olunmağımız baxımından olduqca vacib hadisədir. Bu, ölkəmizin diplomatik strukturlarının bu istiqamətdə ardıcıl olaraq fəaliyyət göstərməsinin uğuru kimi də qiymətləndirilə bilər.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.
Millət vəkili xatırladıb ki, 8 üzv dövlətin ümumi daxili məhsulu 4 trilyon dollardan çoxdur:
“D-8 Azərbaycan üzərindən Xəzər dənizi hövzəsi, Mərkəzi Asiya respublikalarına çıxış əldə etmiş olur. Azərbaycanın bu səpkidə təqdim edə biləcəyi imkanlar bilavasitə onun nəqliyyat imkanları ilə bağlıdır. Avrasiyanın müxtəlif qütblərini əlaqələndirən beynəlxalq nəqliyyat və logistika layihələrinin məhz Azərbaycan üzərində keçməsi D-8-ə də həmin potensialdan yararlanmaq fürsəti verir. Bu da ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaran, mal-əmtəə mübadiləsinin genişləndirilməsinə səbəb ola biləcək vacib hadisə hesab olunur”.
Azər Allahverənov bildirib ki, Azərbaycanın D-8-də təmsil olunması, həmçinin, siyasi, geosiyasi cəhətdən olduqca vacibdir:
“Azərbaycan birliyin coğrafiyasının çox vacib elemetlərindəndir. Çünki Cənubi Qafqaz, Xəzər dənizi hövzəsi, Mərkəzi Asiya vektorunun D-8 üçün inkişaf etdirilməsi geosiyasi əhəmiyyət daşıyır. Burada digər platformaların da fəal sürətdə inkişaf etdirilməsi və Türk Dövlətləri Təşkilatından olan Azərbaycan və Türkiyənin birlikdə təmsil olunması TDT-nin də coğrafiyasının potensialını da bir qədər artırmış olur. Bu gələcəkdə D-8-in sıralarının genişləndirilməsi ilə bağlı veriləcək qərarlar bilavasitə TDT üzvlərinin də hesabına baş verəcək. Azərbaycan da bu nailiyyətlərin əldə olunmasında maksimum öz töhfəsini verəcək, həm də öz iqtisadiyyatını da inkişaf etdirmək üçün həmin nailiyyətlərdən yararlanmaq imkanı qazanacaq”.
Milli Məclisin deputatı Elşad Musayev isə Trend-ə açıqlamasında təşkilatın əhəmiyyətindən söz açıb:
“D-8 təşkilatı inkişaf etməkdə olan müsəlman ölkələrinin iqtisadi əməkdaşlığını gücləndirmək məqsədilə yaradılan qurumdur. Müxtəlif məqsədlər üçün yaradılan təşkilata üzv ölkələrin iqtisadi baxımdan çox böyük potensialı var. Təşkilatın yaradılması ölkələrin iqtisadi inkişafını dəstəkləmək, qlobal iqtisadi sistemdə iştirakı artırmaq, enerji, nəqliyyat, texnologiya, sənaye sahəsində əməkdaşlığın artırılması məqsədi güdür. Bundan əlavə sülh üçün əməkdaşlıq, insan hüquqları və demokratik prinsiplərə hörmət, sosial ədalət və bərabərliyin qorunmasını özündə ehtiva edir”.
Millət vəkili açıqlamasında Azərbaycanın təşkilatdan hansı imkanlar əldə edəcəyini də diqqətə çatdırıb.
“Azərbaycan belə böyük müsəlman ölkələrinin qrupunda yer almaqla ölkənin iqtisadi potensialını artırmaq imkanı əldə edir. İslam ölkələrinə siyasi inteqrasiya, dünyada imicin artırılması baxımından da bu təşkilata qoşulmağımızın böyük əhəmiyyəti var”, - deyə deputat qeyd edib.