...

Dövlət idarəetməsinin rəqəmsallaşdırılmasının prioritetləri açıqlanıb

Siyasət Materials 16 Yanvar 2025 14:02 (UTC +04:00)
Dövlət idarəetməsinin rəqəmsallaşdırılmasının prioritetləri açıqlanıb
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət idarəetməsinin rəqəmsallaşdırılmasının prioritetləri açıqlanıb.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nda əksini tapıb.

Belə ki, “Rəqəmsal hökumət”ə keçid və ictimai xidmətlərin inkişafı Dövlət idarəetməsində rəqəmsal inkişaf həm dövlət xidmətlərinin göstərilməsi (G2C, G2B), həm də dövlət idarəetmə sisteminin (G2G, G2E) fəaliyyətinin təmin edilməsi üçün proseslərin hərtərəfli şəkildə qurumlararası rəqəmsallaşdırılmasını və inteqrasiya edilmiş təşkilati-texniki infrastrukturun yaradılmasını təmin edir.

Bu cür infrastruktur məlumatlarının toplanılması, təhlili və son istifadəçilər, həmçinin digər informasiya sistemləri ilə qarşılıqlı əlaqəsi standart interfeyslərə əsaslanmalıdır. Dövlət idarəetməsində rəqəmsal inkişaf dedikdə, ilk növbədə, “elektron hökumət”dən (eGov) növbəti inkişaf mərhələsi olan “rəqəmsal hökumət”ə (GovTech) keçid başa düşülür.

“Rəqəmsal hökumət”də vətəndaş, dövlət və biznes arasında qarşılıqlı əlaqə dəyişir, xidmətlər şəffaflaşır, dövlət pərakəndə xidmətlərin təqdim edilməsindən vahid “verilənlər hovuzu” və onlarla iş alqoritmlərinə əsaslanan çevik idarəçiliyə keçid edir. Keçid aşağıdakı aparıcı prinsiplərə əsasən aparılır:

xidmət və proses yanaşması: məlumat əsaslı (data-driven) qərarların qəbulu məqsədilə informasiya təhlükəsizliyi tələblərinə cavab verən rəqəmsal platformaların formalaşdırılması, proseslərdə addım saylarının təhlili, onların azaldılması və avtomatlaşdırılması;

məlumatyönümlülük və obyektivlik: məlumatların mütəmadi toplanılması, “Əşyaların interneti”, “süni intellekt” texnologiyaları vasitəsilə qurumlar üzrə proseslərə və fəaliyyətlərə nəzarətin həyata keçirilməsi, cari qərar qəbuletmə hüququnun informasiya sistemləri üzərindən reallaşdırılması;

çeviklik və sürət: arzuolunan nəticənin əldə edilməsi üçün tədbirlərin sürətli həyata keçirilməsi və çatışmazlıqların operativ qaydada aradan qaldırılması.

“Rəqəmsal hökumət”də nəzərə alınmalı olan ən mühüm amil, ilk növbədə, proses iştirakçılarının tələb və ehtiyaclarının öyrənilməsidir.

Burada üç tərəf: vətəndaş, biznes və dövlət arasında tarazlıq tələb olunur. Bu baxımdan dövlət idarəçiliyinin təkmilləşdirilməsi, vətəndaşların və özəl sektorun göstərilən xidmətlərdən maksimum məmnunluq “rəqəmsal hökumət”də ən yaxşı keyfiyyət göstəriciləridir. Bu göstəriciləri əldə etmək məqsədilə məlumatlara əsaslanan çevik, informasiya təhlükəsizliyi üzrə tələblərə cavab verən, dəyişikliklərə uyğunlaşan texnoloji idarəetmə sisteminin yaradılması rəqəmsal xidmətlərin istehlakçıları ilə qarşılıqlı əlaqə və gündəlik proseslərin optimallaşdırılması vacibdir.

Rəqəmsal keçidin təmini üçün məlumat mərkəzli, rəqəmsal xidmətlərə və proseslərə əsaslanan, eləcə də biznes dairəsinin iştirakçılığını nəzərə alan aşağıdakı vəzifələrlə dövlət idarəetmə sisteminin rəqəmsal texnologiyalar vasitəsilə təkmilləşdirilməsi zəruridir:

sənədlərdən verilənlərə doğru: məlumatların toplanılması, saxlanılması, işlənilməsi, arxivləşdirilməsi və məlumatların düzgünlüyü üçün məsuliyyətin müəyyən edilməsi üçün qaydaların formalaşdırılması, etibarlı məlumatların elektron sənədlər üzərindən tanınması, kağızla iş axınından tamamilə imtina edilməsi, kargüzarlığın və elektron xidmətlərin rəqəmsallaşdırılması;

vahid tənzimləmə qaydalarına əsaslanan hər hansı bir saxlanılan məlumatdan və funksionallıqdan maneəsiz istifadəyə imkan verən vahid platformaya keçidin təmin edilməsi;

“Böyükhəcmli məlumatlar”ın analitik təhlilləri, maşınla öyrənmə, “süni intellekt”, “zəncir-bloklar”, “əşyaların interneti” və “bulud” hesablama texnologiyalarının tətbiqi ilə elektron xidmətlərdən rəqəmsal xidmətlərə keçid edilməsi, informasiya təhlükəsizliyinin, o cümlədən kibertəhlükəsizliyin təmin edilməsi, insan amilinin minimuma endirilməsi və avtomatik qərarların etibarlı şəkildə verilməsi;  birdən çox qurumlara göstərilə biləcək xidmətlərin “Hökumət buludu”nda bir platforma (PaaS) və ya tətbiqi proqram (SaaS) modelində göstərilməsi, İKT infrastrukturuna və proqram təminatına kapital qoyuluşunun və onların istismar xərclərinin optimallaşdırılması;

real vaxt rejimində daxil olan və mötəbər məlumatlara əsaslanan qərarların qəbul edilməsi;

“ağıllı mobil cihaz”lardan istifadə etməklə vətəndaşların və biznes müəssisələrinin hökumətlə qarşılıqlı əlaqə imkanlarının genişləndirilməsi, xidmətlərdə lazımi rahatlığın, səyyarlığın və sürətin təmin edilməsi;

inzibati icraatın həyata keçirilməsi zamanı verilən elektron arayışların tanınması üçün e-imzalama mexanizminin yaradılması;

açıq məlumatların formalaşdırılması, arxivləşdirilməsi və standartlara uyğunluğunun təmin edilməsi;

milli məkan məlumatları infrastrukturunun yaradılması və inkişaf etdirilməsi;

“dövlət-özəl sektor tərəfdaşlığı” (PPP) modeli də daxil olmaqla, istifadəçilər üçün tətbiqlər və xidmətlərin yaradılmasında özəl sektorun iştirakının və “açıq məlumatlar”dan istifadənin təmin edilməsi;

xidmətlərdən istifadə məmnunluğu ilə bağlı rəylərin toplanılması, rəyvermə prosesinin sürətləndirilməsi, alınan rəylər əsasında proseslərin davamlı təkmilləşdirilməsi;

dövlətin İKT infrastrukturunun (o cümlədən onun və seqmentlərinin daxilində və perimetrləri boyunca) vahid standartlı informasiya təhlükəsizliyinin, o cümlədən kibertəhlükəsizliyinin təmin edilməsi.

Belə arxitekturalarda qərarvermə prosesində insan faktoru minimuma enir, hesabatların (statistik, vergi və digər) verilməsi prosesi avtomatlaşır, müasir texnologiyalar əsasında obyektiv qərarların verilməsinə əsaslanan dövlət idarəetmə sistemində xidmətin rəqəmsal formatda çatdırılması və real vəziyyətin təhlili təmin edilir.

Strateji, taktiki və operativ qərarların analitik təhlillər və “süni intellekt” əsasında qəbulu keyfiyyət baxımından prosesləri dəyişən və inkişaf etdirən, sürətli, sistemli, etibarlı məlumatlara çıxış verən kompleks alqoritmlərə əsaslanır.

Xəbər lenti

Xəbər lenti