Bakı. Trend:
Macarıstan Budapeştdə Türkdilli Dövlətlər Təşkilatına üzv olan dövlətlərin gömrük xidməti rəhbərlərinin toplantısını təşkil etməyi təklif edib.
Trend xəbər verir ki, bunu Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının beynəlxalq münasibətlər şöbəsinin rəis müavini Juja Keçkeş Türkdilli Dövlətlər Təşkilatının gömrük xidməti rəhbərlərinin 10-cu iclası çərçivəsində çıxışında bildirib.
Onun sözlərinə görə, Macarıstan bir çox istiqamətlərdə TDT-nin fəal iştirakçısına çevrilməyə can atır.
“Biz Budapeştdə TDT ölkələrinin gömrük administrasiyalarının rəhbərlərinin görüşünü təşkil etmək istərdik. Belə ki, biz bunun əməkdaşlığın möhkəmləndirilməsi üzrə növbəti addımların müzakirəsi üçün mükəmməl platforma olacağına inanırıq: ələlxüsus da gömrüyün müasirləşdirilməsi, rəqəmsal ticarət və regional ticarətə dəstək kimi istiqamətlərdə.
Qeyri-rəsmi sammitin də Macarıstanda təşkil olunacağını nəzərə alsaq, bu, onun gömrük orqanları rəhbərlərinin görüşü ilə üst-üstə düşməsi üçün əla fürsət ola bilər. Birgə işləməklə biz regionlarımızda daha sıx qarşılıqlı əlaqələri təmin edə və 21-ci əsrin çağırışlarına və imkanlarına daya yaxşı hazırlaşa bilərik”, - deyə J.Keçkeş bildirib.