...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi gənc liderləri XII Qlobal Bakı Forumuna dəvət edir

Cəmiyyət Materials 16 Yanvar 2025 10:22 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi gənc liderləri XII Qlobal Bakı Forumuna dəvət edir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi gənc liderləri XII Qlobal Bakı Forumuna dəvət edir.

Bu barədə Trend-ə müsahibəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGIC) PR və İT departamentinin rəhbəri Mehri Hüseynli deyib.

“Artıq 10 ilə yaxındır ki, Nizami Gəncəvi Beynəlxlaq Mərkəzi Gənc Liderlər Proqramını (YLP) həyata keçirir və hər il təşkil olunan Qlobal Bakı Forumlarında ən aktual və qlobal problemlərlə bağlı çıxış etmələri üçün onlara xüsusi rol verir. Bununla, Mərkəzimiz dünyanın müxtəlif ölkələrindən olan gənclərə öz ideyalarını nüfuzlu liderlərə, o cümlədən indiki və keçmiş prezidentlərə, baş nazirlərə, beynəlxalq təşkilatların rəhbərlərinə və Nobel mükafatçılarına təqdim etmək üçün misilsiz imkan təqdim edir. Bu platforma iştirakçılara dünya liderlərinin təcrübələrini dinləmək və onlardan öyrənməklə yanaşı öz perspektivlərini bölüşməyə imkan yaradır. Bu mübadilələr vasitəsilə gənc liderlər beynəlxalq çağırışlar haqqında anlayışlarını genişləndirə, qlobal qərarların qəbulu ilə bağlı fikirlər əldə edə və dünyanı irəliyə aparmağa kömək etmək üçün təsirli həllər hazırlaya bilərlər”, - deyə o bildirib.

M. Hüseynli qeyd edib ki, yaradıldığı gündən bəri Gənc Liderlər Proqramı geniş beynəlxalq nüfuz qazanıb və dünyanın 40 ölkəsindən 250-dən çox gənc liderin iştirakı ilə uğurla həyata keçməyə davam edir.

“Diqqətinizə çatırmaq istəyirəm ki, Mərkəzimiz növbəti- XII Qlobal Bakı Forumuna hazırlaşır. 13-15 mart 2025-ci il tarixində keçiriləcək Forum üçün gənc liderlərin qeydiyyatı artıq açıq elan edilib. Mərkəz 18-35 yaş arası, siyasi, sosial, humanitar, iqtisadi, ekoloji, hüquqi, innovasiya və elmi sektordan olan, öz sahələrində peşəkar fəaliyyətlərini davam etdirən gəncləri namizədliyini irəli sürməyə dəvət edir”,- deyə o əlavə edib.

Gender məsələləri ilə bağlı təşəbbüslər

M. Hüseynlinin sözlərinə görə, Mərkəz gender məsələlərinə həmişə xüsusi diqqət göstərib.

“Məlumunuzdur ki, həmsədrimiz Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Frayberqadır, həmçinin üzvlərimizin və idarə heyətimizin böyük əksəriyyəti qadınlardan ibarətdir. Onlar LİMA Gender Proqramı, “GWL Voices”, “Vital Voices” və “GIWPS” kimi aparıcı gender təşkilatlarının idarə heyətlərində də fəal iştirak edirlər ki, bu da gender bərabərliyini təşviq etməkdə bizim qlobal öhdəliyimizi daha da gücləndirir”,- o vurğulayıb.

M. Hüseynli qeyd edib ki, Mərkəz, Qlobal Bakı Forumlarında və dünyanın müxtəlif ölkələrində təşkil etdiyi Ali Səviyyəli toplantılarda gender bərabərliyinə daim önəm verib.

“Xüsusi olaraq, 2024-cü ilin sentyabr ayında, BMT Baş Assambleyası zamanı Mərkəzin təşkil etdiyi 30-cu Ali-Səviyyəli Toplantısını qeyd etmək istəyirəm. Nyu-Yorkda keçirilən bu toplantımızda Mərkəzimiz BMT-nin Qadınlar təşkilatı (UN Women) ilə birgə “Multilateral sistemdə qadınların rolu və liderliyi” adlı panel təşkil etdi. Bu paneldə UN Women-in icraçı direktoru xanım Sima Bahos başda olmaqla, digər nüfuzlu xanım liderlər də iştirak etdi. Əlavə olaraq qeyd etmək istərdim ki, ölkəmizin ev sahibliyi etdiyi COP29 tədbiri çərçivəsində Mərkəzimiz adlarını sadaladığım beynəlxalq təşkilatlarin rəhbərləri birgə müxtəlif tədbirlər təşkil etmişdir”, - o deyib.

M.Hüseynli əlavə edib ki, bu tədbirlərdə Mərkəzin həmsədri, Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Frayberqa, Finlandiyanın sabiq prezidenti xanım Tarya Halonen, BMT Baş Assambleyasının 73-cü prezidenti xanım Maria Fernanda Espinosa, İrlandiyanın ilk qadın prezidenti xanım Meri Robinson, Böyük Britaniyanın sabiq baş naziri xanım Tereza Mey, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova, BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, UN-Habitatın icraçı direktoru, Kuala Lumpur şəhərinin meri xanım Maimuna Mohd Şərif, Malavinin sabiq prezidenti xanım Coys Banda, Gürcüstanın sabiq baş nazir müavini xanım Eka Tkeşelaşvili kimi görkəmli qadın liderlər çıxış etmiş və gender bərabərliyinin təşviqi ilə bağlı mühüm mövzular müzakirə edilmişdir.

Xəbər lenti

Xəbər lenti