...

Azərbaycanda USAID-in fəaliyyət göstərməsinin hər hansı hüquqi bazası mövcud deyil - XİN rəhbəri

Siyasət Materials 16 Yanvar 2025 17:54 (UTC +04:00)
Azərbaycanda USAID-in fəaliyyət göstərməsinin hər hansı hüquqi bazası mövcud deyil - XİN rəhbəri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycanda USAID-in fəaliyyət göstərməsinin hər hansı hüquqi bazası mövcud deyil.

Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan xarici işlər naziri Maka Boçorişvili ilə birgə Bakıda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, 2023-cü ilin sentyabr ayının 19-20 tarixlərində Azərbaycan öz suveren ərazilərində anti-terror əməliyyatı keçirdi. Bununla da tam olaraq öz suverenliyini bərpa etdi.

“Bundan qısa müddət sonra biz ABŞ-dən Demokratlar administrasiyası tərəfindən tamamilə əsassız beynəlxalq hüquqla heç bir formada uzlaşmayan ölkəmizə qarşı hücumun şahidi olduq. 1992-ci ildə qəbul edilmiş azadlığa dəstək aktına 907-ci düzəliş adlı bir sanksiya sənədi mövcud idi və 20 il ərzində həmin sənədin Azərbaycana qarşı olan hissəsi müvəqqəti dayandırılırdı. 20 il sonra da Azərbaycan sırf suverenliyini bərpa etdiyi üçün bir növ cəzalandırıldı. Belə olan təqdirdə Bayden administrasiyası tərəfindən Azərbaycan yardım kontekstində cəzalandırıldıqda, biz təftiş apardıq ki, ABŞ-nin Azərbaycana hansı yardım mexanizmləri var. Əfsuslar olsun ki, son gəldiyimiz nəticə o oldu ki, USAID-in ölkəmizə yardımları ABŞ-nin mənafeyi üçün edilirdi. Biz bu şərtlərdə həmin sənədin uzadılmasında maraqlı olmadığımızı bəyan etdik.

Ancaq bu ərəfədə ABŞ-dən israrla Azərbaycan tərəfinə müraciətlər daxil oldu. Deyirdilər ki, bu sənədin davam etdirilməsi ABŞ tərəfindən Azərbaycana bu alətlər vasitəsilə yardımların həyata keçirilməsi bizim ikitərəfli gündəliyimizin vacib komponentlərindən biridir. Bütün bunları nəzərə alaraq, Azərbaycan tərəfi bir daha qarşılıqlı addımları atdı. Biz dedik madam ki, ABŞ Azərbaycana yardım etməkdə bu qədər maraqlıdırsa, onda bunun şərtlərini danışaq. Bu danışıqlar həyata keçirildiyi müddət ərzində saziş qüvvədən düşməsin deyə bir neçə dəfə sazişin müddətini hər dəfə bir neçə ay olmaqla uzatdıq. Bununla da Azərbaycan tərəfi öz xoş niyyətini göstərdi”, – deyə nazir bildirib.

C. Bayramov vurğulayıb ki, 2024-cü ilin fevral ayından iyun ayına qədər gedən danışıqlar nəticəsində Azərbaycana bir şey tam açıq və bəlli oldu.

“Bu aydınlıq ondan ibarət idi ki, ABŞ heç bir formada burada açıqlıq göstərmək istəmir, yalnız öz istəyini diktə edərək, Azərbaycana qəbul etdirmək istəyir. Bu bizə tam aydın olduqdan sonra Azərbaycan tərəfi 2024-cü ilin iyunun 1-dən sonra həmin sazişin müddətinin bir daha uzadılmaması barədə qərar qəbul etdi. Bu gün hüquqi dillə desək de-yure USAID-in Azərbaycanda fəaliyyət göstərməsi üçün heç bir hüquqi bazası mövcud deyil. Belə olan halda USAID həm təşkilat olaraq, həm də onun nümayəndələrinin Azərbaycanda mövcudluğunun və təmsilçiliyinin davam etməsinə heç bir ehtiyac yoxdur və fəaliyyətlərinin tam dayandırılmasının vaxtı yetişib”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti