Bakı. Trend:
Plastik əməliyyat zamanı ölüm hallarının baş verməsi, diplomsuz plastik cərrahların fəaliyyət göstərməsi, son olaraq Səhiyyə Nazirliyinin plastik cərrahlara çağırış edib diplomlarını, sənədlərini təqdim etməyə səsləməsi göstərir ki, bu məsələ xüsusi olaraq diqqət mərkəzindədir.
Bəs Azərbaycan Tibb Universitetində (ATU) plastik cərrahiyyə ixtisası məzunlarının sayı nə qədərdir?
Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova Trend-in sorğusuna cavab olaraq bildirib ki, ATU-da rezidentura səviyyəsində "Plastik cərrahiyə" ixtisası tədris olunur.
O qeyd edib ki, tədris 3-cü Cərrahi xəstəliklər kafedrası tərəfindən aparılır.
“Ötən illər ərzində (2012-2024) beş tələbə məzun adını qazanıb. Bir tələbə isə yekun attestasiya imtahanında iştirak etməyib. 2024-cü ildə bir nəfər məzun olub.
Hazırda yeddi tələbə "Plastik cərrahiyə" ixtisası üzrə təhsil alır. Bir tələbə isə xaric olunub. ATU-da Rezidentura pilləsində həm yerli, həm xarici tələbələr təhsil ala bilər”, - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq
əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan
Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil
Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş
Komissiyası yaradılıb. Azərbaycan Respublikasının ərazisində
praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə
fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat
qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili,
diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi
fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə,
sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim
etməlidirlər.
Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək
təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə
məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya
şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.