Bakı. Trend:
2024-cü ildə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 381 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılıb, 314 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanın, 67 material üzrə isə vurulan maddi ziyan məbləğlərinin ödənilməsi də nəzərə alınmaqla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilib və digər prokuror təsir tədbirləri tətbiq edilib.
Trend xəbər verir ki, bu barədə Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov məlumat verib.
O bildirib ki, əməliyyat qurumları tərəfindən 170 cinayət işi başlanılıb, keçirilən 42 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 43 şəxs cinayət başında yaxalanıb, habelə bu qəbildən cinayətlərin törədilməsi ilə bağlı axtarışda olan 8 nəfər saxlanılıb.
Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 226 şəxs barəsində 158 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilən cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılın, qalanları isə hazırda məhkəmə baxışındadır.
İstintaqı tamamlanan cinayət işlərindən 111 şəxs barəsində 67 iş ağır cinayətlər məhkəmələrinə, 5 şəxs barəsində 3 iş hərbi, eyni zamanda 110 şəxs barəsində 88 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilib.