Bakı. Trend:
Dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimi keçirilib.
Trend xəbər verir ki, vida mərasimində onların ailə üzvləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev hadisə baş verən andan xalqımızın kədərə boğulduğunu deyib. Nazir belə bir çətin vəziyyətdə pilotlarımızın, təyyarə bələdçilərinin böyük soyuqqanlılıq, fədakarlıq və yüksək peşəkarlıq nümayiş etdirdiyini qeyd edib. O, Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təhlükəsizlik və keyfiyyət standartlarına görə dünya miqyasında etibarlı aviaşirkətlərdən biri kimi tanındığını, pilotların göstərdiyi şücaətin Azərbaycanın aviasiya tarixində silinməz iz buraxdığını diqqətə çatdırıb.
AZAL-ın vitse-prezidenti İlham Əmirov təyyarəyə qeyri-qanuni güc təsiri olduğunu, nəticədə təyyarənin güclü xəsarət aldığını, onu idarə edən sistemlərin sıradan çıxarıldığını bildirib. O, baş vermiş hadisənin ölkəmizin pilot hazırlığının və aviasiya təhlükəsizliyinin yüksək standartlara uyğun olduğunu göstərdiyini bildirib. Vitse-prezident günahkarların tapılacağını və cəzalandırılacağını, hadisənin bütün detallarının araşdırıldıqdan sonra nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcəyini diqqətə çatdırıb.
Həlak olan ekipaj üzvlərinin yaxınları və onlarla birgə çalışan əməkdaşlar xatirələrini bölüşüblər.
Qeyd edək ki, həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva bu gün II Fəxri xiyabanda torpağa tapşırılacaq.
Xatırladaq ki, bu gecə “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşləri Bakıya gətirilib.
Qeyd edək ki, daha öncə bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14 nəfər Bakıya gətirilib.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.