Bişkek. Trend:
Qırğızıstan Xarici İşlər Nazirliyi və Qırğızıstanın Qazaxıstandakı səfirliyi Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında xəsarət alan Qırğızıstan vətəndaşlarının vətənə qaytarılması üçün kompleks tədbirlər həyata keçirir.
Trend bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, dekabrın 28-də Qırğızıstanın müvafiq xidmətlərinin nümayəndələri Aktau şəhərinə gələrək xəsarət alanlarla görüş keçirib.
1998-ci il təvəllüdlü Qırğızıstan vətəndaşı A.R.-nin xüsusi avadanlıqla təchiz edilmiş hava nəqliyyatı ilə vətənə aparılması planlaşdırılır. Digər xəsarət alanların sağlamlıq vəziyyəti qənaətbəxş qiymətləndirilib və onlar dekabrın 30-da müvafiq xidmətlərin nümayəndələri və yaxınları ilə birlikdə Qırğızıstana göndəriləcək.
Həmçinin, nazirlikdən bildirilib ki, kompensasiya ödənişləri ilə bağlı məsələlər Qırğızıstanın Qazaxıstandakı səfirliyi tərəfindən araşdırılıb və qısa müddət ərzində ödənişlərin məbləği müəyyən ediləcək. Nəticələrə əsasən, kompensasiyalar xəsarət alanlara ödəniləcək.
Bundan əlavə, Qırğızıstanın Qazaxıstandakı səfirliyi AZAL aviaşirkətinin bəyan etdiyi kompensasiya sığorta ödənişləri ilə bağlı şirkət nümayəndələri ilə əlaqə saxlayır.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.